Sumqayıt şəhər 31 nömrəli tam orta məktəbdə "Rəqəmsal bacarıqlar" layihəsi çərçivəsində proqramlaşdırma dünyasında genişmiqyaslı tədbir olan "Kod saatı"nın birinci mərhələsi keçirilib.

 

Təhsil Nazirliyinin və "Alqoritmika" beynəlxalq təhsil şirkətinin təşkilati dəstəyi ilə keçirilən tədbirdə 453 məktəbli iştirak edib.

 

Tədbir zamanı şagirdlərə və onların valideynlərinə “Rəqəmsal bacarıqlar” layihəsi haqqında ətraflı məlumat verilib. Şagirdlər "Scratch"- uşaq və yeniyetmələr üçün xüsusi yaradılmış vizual proqramlaşdırma mühitində məsələləri həll etmək imkanı əldə ediblər.

 

Qeyd edək ki, "Kod saatı" tədbirinin növbəti mərhələləri sentyabrın 28-də Şamaxı şəhər 10 nömrəli tam orta məktəbdə, oktyabrın 5-də isə Mingəçevir şəhər 15 nömrəli Humanitar Liseydə keçiriləcək. Tədbirlərdə 7 yaşdan yuxarı məktəblilər iştirak edə bilərlər.

 

"Kod saatı" hərəkatının əsas məqsədi proqramçı peşəsini məktəblilər arasında populyarlaşdırmaq, şagirdlərin və onların valideynlərinin diqqətini yüksək texnologiyalarla bağlı peşələrə cəlb etmək, həmçinin proqramlaşdırmanın çətinliyi haqqında mifləri dağıtmaqdır.

 

"Kod saatı" təşəbbüsü 2013-cü ildə Hadi və Əli Partovi qardaşları tərəfindən tətbiqinə başlanılan və insanlara proqramlaşdırmanı öyrətmək məqsədi daşıyan qlobal hərəkatdır. Layihənin ideya müəllifləri bütün sahələrdə hesablama tapşırıqlarını yerinə yetirmək qabiliyyətinə malik mütəxəssislərə çox böyük ehtiyac olduğunu deyərək insanlara proqram kodunu yazmağı öyrənmək üçün bir saat vaxt ayırmağı təklif ediblər. Bir çox ölkələr bu təşəbbüsə qoşulub. Hazırda "Kod saatı"  dünyanın 180-dən çox ölkəsində yüz milyonlarla tələbə  və şagirdi əhatə edir.