Amil Əlili: “Təlimlər iki ölkə arasında əməkdaşlığın daha da güclənməsinə və birgə uğurlu layihələrin reallaşdırılmasına təkan verəcək”


Azərbaycanda peşə təhsili səviyyəsinin beynəlxalq standartlara uyğunlaşdırılması, hazırlanan kadrların rəqabətədavamlılığı üçün dünya təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi vacibdir. Bu məqsədlə müxtəlif səviyyədə heyətlər ayrı-ayrı inkişaf etmiş ölkələrə ezam olunur, peşə təhsili sahəsində müəyyən uğurlara imza atmış ölkələrin təcrübəsini öyrənmək və Azərbaycanda tətbiq etməyin yolları araşdırılır. Bu dəfə Təhsil Nazirliyi yanında Peşə Təhsili üzrə Dövlət Agentliyi daha genişmiqyaslı tədbirə əl atıb. Belə ki, peşə təhsili müəssisələrində çalışan mühəndis-pedaqoji heyət Türkiyədə təlimlərə cəlb edilib. Oktyabr ayından həyata keçirilən və hazırda davam edən təlimlərdə mühəndis-pedaqoji heyətdən 50 nəfərə yaxın şəxs iştirak edib.

 

Qeyd edək ki, qonşu ölkənin təcrübəsinin öyrənilməsi və ölkəmizdə tətbiqi məqsədilə keçirilən təlimlər Azərbaycan və Türkiyə Təhsil nazirlikləri arasında əldə edilən razılaşmaya əsasən reallaşdırılır. Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Amil Əlili “Azərbaycan müəllimi” qəzetinə müsahibəsində təlimlərin gedişindən, gözlənilən nəticələrindən, ümumiyyətlə, Türkiyə ilə peşə təhsili sahəsində əməkdaşlıqda nəzərdə tutulan yeniliklərdən danışıb.

 

- Oktyabr ayından Türkiyənin 3 şəhərində azərbaycanlı müəllimlər üçün təlimlər keçirilir.

- Elədir. 2019-2020-ci tədris ili üçün 2 ölkə arasında peşə təhsili sahəsində əməkdaşlığa əsasən müxtəlif istiqamətlər üzrə peşə təhsil müəssisələrinin mühəndis-pedaqoji heyətindən seçilən 47 nəfərin Türkiyə Respublikasının İstanbul, Ankara və İzmir şəhərlərində təlimlərdə iştirakı nəzərdə tutulub. Artıq oktyabr ayından bu təlimlərə start verilib və bəzi qruplarda təlimlər yekunlaşıb. 

 

- Təlimlərin məqsədi nədir?

- Təbii ki, başlıca məqsəd təcrübə mübadiləsidir. Öz inkişafında yeni dövrü yaşayan Azərbaycan peşə təhsili sisteminin beynəlxalq standartlara cavab verməsi, kadr hazırlığının keyfiyyətinin artırılması üçün mövcud mühəndis-pedaqoji heyətin təlimləndirilməsi prioritet məsələdir. Peşə təhsili sahəsində tədrisin təşkili, praktiki dərs yükünün artırılması, yeni təhsil proqramlarının hazırlanması və tətbiqi, işəgötürənlərlə əməkdaşlıq, ixtisaslı  mütəxəssislərin cəlb edilməsi istiqamətində təcrübənin öyrənilməsi mütləqdir. Bu sahədə Azərbaycan və Türkiyə arasında peşə təhsil sahəsində əməkdaşlıq çərçivəsində təşkil olunan təlimlər də peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyətinin kvalifikasiyasının artırılmasına xidmət edir.

 

- Azərbaycanlı müəllimlər üçün keçirilən bu təlimlər hansı müddəti əhatə edir? Ən əsası, nəzərdə tutulan məqsəd üçün bu müddət kifayətdirmi?

- Təlimlər üçün ixtisasdan asılı olaraq 2-12 həftə müddət müəyyən olunub. Təlim proqramları əvvəlcədən hazırlanıb və əhatəlidir. Təlimlərə qardaş ölkənin peşə təhsili sahəsində çalışan mütəxəssisləri ilə yanaşı, ali təhsil müəssisələrinin də qoşulması onun səmərəliliyini daha da artırır. Müvafiq proqram əsasında həyata keçirildiyindən yekunda təlimlərin gözlədiyimiz nəticəni verəcəyinə şübhəmiz yoxdur.

 

Təlimlərdə əsasən regionlarımızda fəaliyyət göstərən mühəndis-pedaqoji heyət iştirak edir

 

- Bəs, bu təlimlərdə iştirak edənlər kimlərdir?

- Təlimlərə peşə təhsili müəssisələrinin rəhbərləri, müxtəlif peşə istiqamətləri üzrə istehsalat təlim ustaları və ixtisas fənn müəllimləri qatılıb. İlkin mərhələdə təlimlərdə Bakı və regionlar üzrə 25 peşə təhsili müəssisəsinin 15 peşə istiqaməti  üzrə əməkdaşlarının iştirakı nəzərdə tutulub.

 

- Kimin iştirak edəcəyinə necə qərar verilib? Yəni, bu seçim hansı kriteriyalarla aparılıb?

- Bildiyiniz kimi, son illər peşə təhsili müəssisələrində çalışan müəllimlərin də diaqnostik qiymətləndirilməsi aparılır. Seçim zamanı ilk növbədə həmin qiymətləndirmənin nəticələri əsas götürülüb. Yəni, qiymətləndirmə zamanı fərqlənənlər seçiliblər. Bundan əlavə, qeyd edim ki, cari ildən peşə təhsili müəssisələrində bütün ixtisasların tədrisi təhsil proqramları (kurikulum) əsasında həyata keçirilir. Bu məqsədlə müvafiq sahələr üzrə təhsil kurikulumlarının  və modul dərsliklərin hazırlanmasında iştirak edən müəllim və istehsalat təlimi ustalarının iştirakına üstünlük verilib. Peşə təhsili müəssisələrində ixtisas seçərkən təhsilalanların əmək bazarının dəyişən tələblərinə uyğun olaraq ən çox üstünlük verdiyi peşə sahələri üzrə müəllimlərin bilik və bacarıqlarının artırılmasına çox böyük ehtiyac var. Onların tədris etdiyi ixtisas üzrə dünyada baş verən yeniliklərdən xəbərdar olması, müasir texnika və texnologiyanın tətbiqi ilə bağlı bilik və bacarıqlarının artırılması bizim üçün önəmlidir. Ona görə də ilkin olaraq ən çox tələbat duyulan ixtisaslar üzrə kadr hazırlığında iştirak edən mühəndis-pedaqoji heyətin Türkiyədə təcrübə keçməsinə şərait yaradılıb. Onlar da əldə etdikləri təcrübəni öz həmkarları arasında bölüşməklə əhatə dairəsini daha da genişləndirəcəklər.

 

Təlimlər iqtisadiyyatın müxtəlif istiqamətləri üzrə təşkil olunub

 

- Təlimlərin 15 müxtəlif istiqamət üzrə həyata keçirildiyini dediniz. Daha konkret desək, hansı istiqamətlər üzrə təlimlər keçirilib?

- İqtisadiyyatın müxtəlif istiqamətləri üzrə təlimlər təşkil olunub. Peşə təhsilinin iqtisadiyyatın inkişafı ilə uzlaşması mütləqdir və iqtisadi sahədə ixtisaslı kadrlara olan tələbatın ödənilməsi, hazırlanan mütəxəssislərin iş yerlərinə uyğun olması əsas məqsədimizdir. Bu baxımdan təlimlər əsasən kənd təsərrüfatı, turizm, tikinti, mebel, dərzilik, ictimai iaşə, dizayn, incəsənət, avtomobil, elektrik və zərgərlik peşə istiqamətləri üzrə təşkil olunub.

 

- Təlimlərin 3 ayrı şəhərdə keçirilməsi ixtisas sahələri ilə əlaqədardır?

- Təbii ki, bu amilin rolu mühümdür. Türkiyədəki peşə təhsili müəssisələrində ixtisaslaşma özünü daha çox göstərir. Məsələn, turizm sektoru üzrə ayrıca liseylər fəaliyyət göstərir və tabeliyindəki otellərdə onların praktiki dərsləri təşkil olunur. Və ya avtomobil üzrə peşə liseylərində “Mercedes-Benz”, “Volkswagen” kimi avtomovil şirkətlərinin  emalatxanaları qurulub. Belə misalları çox çəkə bilərik. Bu isə peşə təhsili üzrə hazırlanan kadrların praktiki bacarıqlarını daha artırır. Bu baxımdan Ankara, İstanbul və İzmirdə yerləşən peşə liseylərinin ixtisaslaşması nəzərə alınıb.

 

Təlimlərə universitetlər də qoşulub

 

- Neçə universitetdə təlimlər təşkil olundu?

- Təlim zamanı mühəndis-pedaqoji heyət qardaş ölkənin peşə təhsili müəssisələri ilə yanaşı, Ege Universitetində olublar. Türkiyənin dördüncü universiteti hesab olunan Egedə peşə liseyləri də fəaliyyət göstərir. Kənd təsərrüfatı sahəsi üzrə kadr hazırlığında uğurları olan universitet kimi bizim mütəxəssislər buradan maksimum dərəcədə yararlanmağa çalışdılar. Əsasən regionlarda fəaliyyət göstərən peşə təhsili müəssisələrinin mühəndis-pedaqoji heyətinin iştirak etdiyi təlimlərin aqrar sahədə yeniliklər, onların tətbiqi imkanları, elmi araşdırmalar cəhətdən mühüm əhəmiyyətli olacağına inanıram.  

 

- Təlimlərin mahiyyəti nədən ibarətdir? Azərbaycandan gedən mühəndis-pedaqoji heyət təlimlərdən nə qazanacaq, nə görüb-götürəcək?

- Təlimlər zamanı kənd təsərrüfatı üzrə meyvə-tərəvəz sahəsindəki aqrotexniki, incəsənət istiqaməti üzrə müxtəlif çəkiliş studiyalarında praktiki işlərlə yaxından tanış olublar.  Avtomobil qrupu üzrə təlim keçən heyət dizel mühərriki, gəmi və avtomobilin hərəkət sistemlərinin müayinəsi emalatxanalarında qurulan iş, mebel sahəsi üzrə emalatxanalarda müxtəlif əl alətləri və dizayn proqramları ilə, elektrik istiqaməti üzrə “Autocad” proqramlarında elektrik dövrələrin çəkilməsi, siqnalizasiya sistemi və təhlükəsizlik kameralarının iş prinsipi ilə tanış olublar. Kənd təsərrüfatı üzrə müxtəlif bitkiçilik laboratoriyalarına, arıçılıq sahələrinə, quşçuluq və heyvandarlıq fermalarına səfərlər təşkil olunub. İncəsənət üzrə müəllim və ustalar müxtəlif studiyalarda foto texnikalar, video qurğular, tədbirlərin təşkili, radio və televiziya yayımı ilə bağlı maraqlı təcrübələr əldə ediblər. Məsələn, TRT kanalında iş prosesi və dekor işləri ilə yaxından tanış olublar. Düşünürəm ki, təlimlər zamanı incəsənətlə bağlı nümayəndə heyəti bu tanışlıqlardan faydalı məlumatlar, özləri üçün maraqlı təcrübə əldə etdilər. İzmir şəhərində keçirilən idarəetmə təlimləri zamanı isə iştirakçılar bir neçə peşə liseyində oldular. Orada həmin müəssisələrin maddi-texniki bazası ilə tanış olmaq, tədris olunan ixtisaslar haqqında məlumatlanmaqla yanaşı, liseyin idarəetmə prosesində bir növ iştirakçı oldular. Həmçinin liderlik, strateji planın hazırlanması, işəgötürənlərlə əməkdaşlıq, büdcədənkənar gəlirlərin idarə olunması ilə bağlı maraqlı məqamlar öyrəndilər.

 

Təlimlər davam edir, əməkdaşlıq genişləndirilir

 

- Təlimlərin 2-12 həftə müddətində keçirildiyini vurğuladınız. Artıq təlimləri başa çatanlar da var, davam edənlər də, elə deyilmi?

- Elədir, idarəetmə,  avtomobil, inşaat, mebel, turizm və ictimai iaşə istiqamətləri üzrə təlimlər başa çatıb, dərzilik və dizayn istiqamətləri üzrə təlimlər davam edir. Təlimləri başa çatan qruplara sertifikatlar təqdim edilib. Bununla bağlı Ege Universitetində, Mazhar Zorlu Anadolu Teknik Liseyində Türkiyənin Milli Təhsil Nazirliyinin nümayəndələrinin də iştirakı ilə təntənəli tədbirlər keçirilib.

 

- Bilirik ki, peşə təhsilində bir sıra fərqli ölkələrin təcrübəsi öyrənilir. Elə götürək peşə təhsilinin inkişafında bir çox ölkələri geridə qoyan Böyük Britaniyanı. Bu ölkəyə təşkil edilən müxtəlif səviyyəli səfərlərdən xəbərimiz var. Bu cür təcrübəli ölkələrlə müqayisədə Türkiyə təcrübəsi nə dərəcədə qabaqcıldır?

- Peşə təhsili sahəsində beynəlxalq əməkdaşlıq fəaliyyətimizdə prioritetlik təşkil edir. Cari il ərzində peşə təhsili müəssisələrinin rəhbər, mühəndis-pedaqoji heyətinin iştirakı ilə  Böyük Britaniyadan əlavə, Koreya, Serbiya, Bosniya Herseqovinaya təlim səfərləri təşkil olunub və davam etdirilir. Türkiyə təcrübəsində də kifayət qədər qabaqcıl nümunələr var. Düşünürük ki, bu təcrübə bizim peşə təhsili sahəsində çalışanlar üçün yeni və maraqlıdır. Məsələn, ölkəmizdə inkişaf edən turizm sektorunda, kənd təsərrüfatı sahəsində çalışacaq ixtisaslı kadr hazırlığında Türkiyənin təcrübəsinin öyrənilməsində xüsusilə maraqlıyıq. Bu sahələr üzrə ixtisaslı kadrlara tələbat böyükdür. Türkiyənin də bu sahədə yaxşı mənada kifayət qədər təcrübəsinin olduğunu bilirik. Azərbaycandan olan mühəndis-pedaqoji heyət Türkiyədə bu təcrübəni artırmaq və bölüşmək imkanı qazandı.

 

- Türkiyədə azərbaycanlı müəllimlərin təlimləri ilə əməkdaşlıq bitməyəcək. Bilmək istərdik ki, bu əməkdaşlıqdan gözləntiləriniz nədir?

- Qeyd etdiyim kimi, Türkiyənin peşə təhsili sahəsində təcrübəsi bizim üçün çox maraqlıdır. Bu sahədə onların qət etdikləri məsafə və əldə etdikləri təcrübəni öyrənməyə dəyər. Əməkdaşlığın ölkəmizdə kadr potensialının gücləndirilməsinə öz töhfəsini verəcəyinə də şübhə etmirik. Təlimlər yekunlaşsa da, əməkdaşlığımız davam edəcək. Hazırda “Türkiyə-Azərbaycan” Peşə Protokolunun imzalanması istiqamətində işlər davam etdirilir. Protokolun imzalanmasından sonra əməkdaşlıq yeni perspektivlərdə inkişaf etdiriləcək. Həmçinin birgə əməkdaşlıq çərçivəsində Azərbaycanda ortaq peşə məktəbinin yaradılması layihəsi də nəzərdən keçirilir. Eyni zamanda, Türkiyədə olduğumuz müddətdə əməkdaşlığın davamı olacaq önəmli 5 imza da atdıq. Yəni, İzmirdə fəaliyyət göstərən ixtisaslaşmış 5 peşə liseyi ilə qardaş məktəb layihələrinin imzalanması həyata keçirildi. Hesab edirəm ki, bu, qarşılıqlı əməkdaşlıq çərçivəsində reallaşdırdığımız böyük yenilikdir.

 

- Layihənin şərtləri nədən ibarətdir?

-  Əsas şərt qarşılıqlı təcrübə mübadiləsi, peşə təhsili sahəsində iş birliyi və əməkdaşlığın genişləndirilməsindən ibarətdir. Birgə təhsil proqramlarının hazırlanması və tətbiqi imkanları, müəllim və tələbə mübadiləsi, tədris materiallarının istifadəsi də layihədə nəzərdə tutulub. Təbii ki, bunlar ilkin addımlardır və gələcəkdə əməkdaşlıqda yeni yanaşmalar istisna deyil.

 

- Qardaşlaşan hansı peşə təhsili müəssisələrindən söhbət gedir? Bu layihənin reallaşdırılması bizə nə verəcək?

- Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Konak Alsancak Nevvar Salih İşgörən Mesleki və Texnik Anadolu Liseyi qardaşlaşdı. Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi Konak Çinarlı Mesleki və Texnik Anadolu Liseyi ilə birgə layihəyə başladı. Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi ilə Şəhid İdari Ateşe Çağlar Yücel Mesleki və Texnik Anadolu Liseyi də qarşılıqlı əməkdaşlığa başladı. Sənaye və Texnologiyalar üzrə Sumqayıt Dövlət Peşə Təhsil Mərkəzi isə Mazhar Zorlu Mesleki və Texnik Anadolu Liseyi ilə əməkdaşlığını sıxlaşdıracaq. Nəhayət, imzalardan sonuncusu da İsmayıllı Peşə Təhsil Mərkəzi ilə Bornova Mesleki və Texnik Anadolu Liseyinin əməkdaşlığının əsasını qoydu.

 

- Belə başa düşdüm, Türkiyə ilə əməkdaşlıqdan ən böyük gözlənti kadr potensialının gücləndirilməsidir. Bu istiqamətdə başqa planlar da varmı?

- Təbii ki, əməkdaşlıq perspektivləri genişdir. Bu sahədə təcrübə mübadiləsi üstünlük təşkil edir. Eyni zamanda, qarşılıqlı müəllim, tələbə mübadiləsi də önəmlidir. Türkiyədə olarkən orada fəaliyyət göstərən ulu öndərimiz Heydər Əliyevin adını daşıyan peşə liseyində olduq. Azərbaycanın dəstəyi ilə tikilib istifadəyə verilən bu müəssisənin fəaliyyətinin ilk illərində ölkəmizdən 55 nəfərin orada təhsil alması təmin edilib. Müəssisənin maddi-texniki bazası, yataqxana şəraiti imkan verir ki, gələcəkdə tələbə mübadiləsi davam etdirilsin. Gələcək planlarımız içərisində bu ənənəni davam etdirmək də var. Düşünürük ki, Azərbaycanın maddi dəstəyi ilə istifadəyə verilən belə bir təhsil müəssisəsinin imkanlarından ən çox ehtiyac duyduğumuz sahələr üzrə kadr potensialının gücləndirilməsində mütləq yararlanmalıyıq. Yəqin ki, təlimlər zamanı əldə etdiyimiz təcrübə, bilik və bacarıqlar, razılaşmalar əməkdaşlığımızın daha da güclənməsinə və birgə uğurlu layihələrin reallaşdırılmasına təkan verəcək.

 

Ruhiyyə DAŞSALAHLI