Bəri başdan hamının bildiyi bir məsələni bir daha yada salmaq istəyirik. İndi elmin, sənətin, ədəbiyyatın və s.-nin müxtəlif sahələrində olduğu kimi ədəbiyyatşünaslığa  dair də kifayət qədər çox kitablar nəşr olunur. Kəmiyyət çox olsa da, keyfiyyət oxucunu, mütəxəssisi qane etmir. Nəticədə bolluq içərisində bir yoxsulluq, kasadlıq özünü büruzə verir. Bir yaxşı kitab görəndə sevinirsən. Biz Sevinc Rəsulovanın uşaq ədəbiyyatımızın tədqiqinə həsr olunmuş monoqrafiyası barədə də bu sözləri deyə bilərik. “Elm və təhsil” nəşriyyatında cap olunmuş (Bakı, 2018) monoqrafiyanın adında onun tədqiqat zamanı və hədəfi yetərincə dürüst, sərrast şəkildə ehtiva olunmuşdur: “Azərbaycan uşaq ədəbiyyatının maarifçi-realist mərhələsi (XIX əsrin II yarısı-XX əsrin əvvəlləri)”.

 

Ədəbiyyatşünaslığımız üçün uğurlu bir hadisə sayıla biləcək gərəkli və fundamental bir tədqiqat əsəri uzun axtarışların, gərgin əməyin, sağlam təfəkkürün məhsuludur. Uşaq ədəbiyyatımızın, habelə bütövlükdə ədəbiyyatşünaslığımızın son dövrlərdəki qazanclarından biridir.   Burada mövzu obyekti kimi götürülən zaman intervalı bir neçə onilliyi əhatə edir. Əgər nəzərə alsaq ki, bizim uşaq ədəbiyyatımızın yaranma zəmini XIX əsrin 20-ci illərindən, yəni Azərbaycanın şimal hissəsinin Rusiya tərəfindən işğalının başa çatmasından az sonra başladı, onda deyə bilərik ki, monoqrafiyada araşdırma obyekti kimi götürülən zaman kəsimi az qala bir əsrə qədər sürən uzunmüddətli bir dövrü əhatə edir.

 

Əlbəttə, bu, tədqiqatçı üçün xeyli çətinlik və zəhmət deməkdir. Təbii ki, zaman böyüdükcə araşdırıcı üçün yaranan problemlər də böyüyür. Araşdırmaya cəlb edilməli olan materialların sayı da artır. Materiallar çoxaldıqca onları tapıb üzə çıxarmaq, fikir və təhlil süzgəcindən keçirmək, ümumiləşdirmək missiyasının əhatə dairəsi də artır. S.Rəsulova da monoqrafiya üzərində işləyərkən belə bir missiyanı yerinə yetirməyin şərəf yükünü daşımalı olmuşdur.

 

Təbii ki, dediyimiz dövrün, daha doğrusu, mövzu obyekti kimi götürülən dövrün uşaq ədəbiyyatının öyrənilməsi ilk hadisə deyil. Bu sahədə müəyyən işlər görülmüş, faydalı təşəbbüslər edilmiş, bir sıra məqalələr, monoqrafiyalar, hətta dissertasiyalar yazılmışdır. Bunları nəzərə almamaq, bunların çəkisini, dəyərini azaltmaq, inkar etmək ədalətsizlik, qədirşünaslıqdan kənar bir iş olardı. Əlbəttə, bu istiqamətdə görülən işləri, tədqiqat aparan müəllifləri biz burada sadalamaq fikrində deyilik. Ancaq görülən işlərə boy verən, onları zənginləşdirən yeni-yeni araşdırmaları mütləq dəyərləndirmək, onların sanbalını, ədəbiyyatşünaslığımıza və balacalar üçün ədəbiyyatımızın tədqiqinə əlavə etdiyi yenilikləri nəzərə çatdırmaq lazımdır. Yəni, biz sələf tədqiqatçılarımıza ehtiramla yanaşdığımız kimi indiki və gələcək araşdırmaçılarımıza da qədirşünaslıqla münasibət göstərməliyik. Bu, filologiya elmimizdə irs və varislik prinsipinin hörmət, qayğı, ehtiram qanunauyğunluğu  əsasında qurulmasının vacib, qorunmalı, yaşadılmalı şərtidir. Biz Sevinc xanımın tədqiqatına da məhz həmin prizmadan baxırıq.

 

Müəllifin problemə həssas və obyektiv bir müstəvidə yanaşması ilk növbədə monoqrafiyanın adında özünü göstərir. Çünki müəllifin də izah etdiyi kimi XIX əsrin II yarısı-XX əsrin əvvəlləri bizim uşaq  ədəbiyyatımızın inkişafında maarifçi-realist mərhələ kimi xarakterizə olunmalıdır. Alim kitabının ilk fəslində bu məsələnin üzərində geniş şəkildə dayanır. Haqlı olaraq göstərir ki, deyilən dövrdə milli məkanda bizim “böyüklər üçün” bədii sərvətimizin mühüm bir qolunu maarifçi-realist ədəbiyyat nümunələri təşkil edir. Yəni bu dövrdə ədəbi fikrin mühüm bir axarını, bədii məhsulların böyük bir qismini ədəbi-estetik məfkurə və istiqamət baxımından maarifçi-realist ədəbiyyatın meyarları ilə ölçmək, onun tələb və hüdudları sferasına aid etmək lazım gəlir. Eyni mənzərə bilavasitə kiçiklərdən ötrü yaradılan əsərlərə də şamil edilə bilər. Tədqiqatçı belə bir yanaşmasında, şərhində obyektiv mövqe nümayiş etdirir ki, XIX yüzilliyin II yarısı-XX yüzilliyin əvvəllərində meydana gələn Azərbaycan uşaq ədəbiyyatı iki mənada maarifçi-realist müstəvidə öyrənilməli, təhlil edilməlidir. Birincisi, bu ədəbiyyatın təşəkkülünü, zühur etməsini və tərəqqisini şərtləndirən amillərin əksəriyyəti yeni tipli məktəblə, maariflə və maarifçilik hərəkatı ilə bağlı olmuşdur. Bizim milli uşaq ədəbiyyatımız yeni tipli məktəb və maarifçilik hərəkatının bətnindən, onun ehtiyaclarından doğulmuşdur. İkincisi, həmin tarixi mərhələdə ərsəyə gələn kiçiklər üçün ədəbiyyatımız məzmunu, mahiyyəti, estetik dəyərləri, pedaqoji-psixoloji tutumu, əsas meyarları, mətn fəlsəfəsi ilə maarifçi-realist ədəbiyyatın tələbləri çərçivəsində təzahür etmişdir. Doğrudur, bu xəzinənin məhsulları içərisində romantik ruhlu, hətta romantizm ədəbi cərəyanının tələblərinə, estetikasına uyğun gələn əsərlər də vardır. Lakin bunlar azlıq təşkil edir. O dövrdə kiçik oxuculardan ötrü yaradılan bədii nümunələrin əsas yükünü öz üzərinə götürə bilmir. Elə buna görə də biz haqqında söhbət gedən mərhələni Azərbaycan uşaq ədəbiyyatının maarifçi-realist mərhələsi kimi götürməli oluruq. Belə bir baxış bu ədəbiyyatın istər təşəkkülünü və inkişafını düzgün şərh etməyə, istərsə də çoxlu sayda örnəklərinin obyektiv təhlilinə yol açır.

 

Haqqında danışdığımız monoqrafiyada müəllif tədqiqatın düzgün bir axarda aparılması üçün bir axtarışçı filoloq duyğusu və fəhmi ilə işin planını düzgün müəyyənləşdirib, kompası düzgün seçib. Əlbəttə, ilk baxışda sadə görünən bu məsələdə məqsədə lazımi səviyyədə nail olmaq o qədər də asan deyil. Çünki bunun üçün həm araşdırdığın sahə ilə əlaqədar yüksək elmi-nəzəri biliyə nail olmalı, həm də praktiki materiala kifayət qədər bələd olmalısan. Onu da nəzərə almalıyıq  ki, Sevinc xanımın üzərində işlədiyi mövzu ilə bağlı yüksək elmi-nəzəri bilik almaqdan ötrü elmi ədəbiyyatlar nə qədər çoxdursa, praktiki materialın özü də bir o qədər zəngindir. Bu material böyük bir xəzinəni xatırladır. Bunların içərisindən daha qiymətliləri tapmaqdan ötrü onların hamısını diqqətlə nəzərdən keçirməli,  öyrənməli, saf-çürük etməlisən. Alimin monoqrafiyadakı uğurlarını təmin edən mühüm faktorlardan ikisi bu dediklərimizdir. Belə ki, burada tədqiqatçının həm mövzu ilə bağlı yüksək elmi-nəzəri hazırlığı, həm də faktiki materiala bələdliyi aşkar şəkildə hiss olunur.

 

Bəllidir ki, filologiya elmləri doktoru Zahid Xəlil həm tanınmış uşaq yazıçısı, həm də bu ədəbiyyatın məhsuldar tədqiqatçılarından biridir. O, haqqında söhbət açdığımız əsərə yığcam, lakin dəyərli ön söz yazmışdır. Onun ön sözdəki bizi qane edən bu mülahizələri monoqrafiyanın səciyyəvi müsbət cəhətlərinin müəyyən əlamətlərini qabardıb nəzərə çatdırır: “Yaxşı cəhətdir ki, monoqrafiya müəllifi XIX əsrin II yarısı və XX əsrin əvvəllərində ərsəyə gələn milli uşaq ədəbiyyatımıza bir kompleks halında baxır, onu bir küll halında nəzərdən keçirir. Azərbaycan uşaq ədəbiyyatının yaranmasına və inkişafına dövrün ictimai-siyası, ədəbi-mədəni, pedaqoji və maarifçi hərəkatı müstəvisində baxır. Milli uşaq ədəbiyyatımızın istər təşəkkülünü, istərsə də yüksəlişini şərtləndirən və ona təkan verən amilləri yetərincə dolğun, inandırıcı şəkildə incələyir. Yeni-yeni faktlar üzə çıxarır, söylədiyi nəzəri fikirləri elmi və tarixi sübutlarla əsaslandırmağı bacarır”.

 

Monoqrafiyada diqqətimizi çəkən məsələlərdən biri də Azərbaycan uşaq ədəbiyyatının qaynaqlarından biri kimi tərcümə əsərlərinə xüsusi diqqət yetirilməsidir. Müəllif belə bir doğru qənaətə gəlir ki, XIX əsrin 70-ci illərinə qədər milli məkanda kiçik yaşlılar üçün əsərlər yazılmaması, ana dilində onların mütaliəsinə veriləcək mənəvi sərvətin olmaması vətən və millət yanğısı ilə yaşayan cəfakeş, təəssübkeş ziyalıları, mütərəqqi maarifpərvərləri bu sahədəki boşluğu doldurmaqdan ötrü başqa xalqların ədəbiyyatına üz tutmağa sövq etdi. Bu mənada  rus və Avropa ədəbiyyatı daha müasir, əhəmiyyətli və əlverişli göründü. Doğrudur, bu işin öncülləri, təəssübkeşləri və əməli icraçıları Şərqdən də bir sıra süjetlər götürürdülər. Lakin rus və Avropa xalqlarının bədii təfəkkür məhsullarına daha çox önəm verirdilər. Çünki bu əsərlər böyüməkdə olan nəslin maraqlarına, zövqünə, mənəvi-əxlaqi və etik-estetik cəhətdən tərbiyəsinə, ruhi-psixoloji aləminə daha çox uyğun gəlirdi. Millət balaları üçün əsər yazmaqda qələm sahiblərimizə daha gərəkli nümunə rolunu oynayırdı. Alim monoqrafiyada K.D.Uşinski, L.N.Tolstoy, İ.A.Krılov, A.S.Puşkin, M.Y.Lermontov və s. kimi onlarla rus yazıçı və şairlərinin, habelə bir sıra Avropa sənətkarlarının uşaq əsərlərinin azərbaycanlı müəlliflər tərəfindən ana dilinə niyə və necə tərcümə olunduğunun səbəblərini, mahiyyətini, istər tərbiyəvi, istərsə də sənət baxımından əhəmiyətini, habelə uşaq ədəbiyyatımızın intişarında və inkişafında rolunu dolğun surətdə incələyib ortalığa qoyur. Müəllif bu əsərlərin bütövlükdə tərcümə ədəbiyyatımızın yüksəlişindəki rolunu da aydınlaşdırır.

 

Monoqrafiyada bizim üçün yeni və cəlbedici görünən məsələlərdən biri də o dövrdə bilavasitə balaca oxuculardan ötrü qələmə alınan dini mövzulu əsərlərin təhlilə cəlb edilməsidir. Bəllidir ki, sovet imperiyası dönəmində dini mövzulu əsərlər tədqiqat sferasında yasaq olunmuş mövzular sırasında idi. Dini məzmunlu əsərlərin nəşri qadağan olunduğu (müəyyən məqsəd güdən bəzi istisnaları nəzərə almasaq) kimi onların tədqiqi də diqqətdən kənarda saxlanılmışdı. XIX əsrin II yarısı-XX əsrin əvvəllərində Azərbaycan sənətkarlarının kiçiklər üçün yazdıqları xeyli dini mövzulu bədii, publisistik nümunələr, dərsliklər də bu yasağın sərhədləri içərisində tədqiqatdan kənarda qalmışdı. S.Rəsulova indiki müstəqillik dönəmində azad tədqiqat imkanından maksimum dərəcədə yararlanaraq həmin əsərləri də üzə çıxarmış və araşdırmaya cəlb etmişdir. Bu zaman tədqiqatçı həm o zamankı şəriət dərsliklərinə, həm uşaq mətbuatına, həm də qiraət kitablarında olan nümunələrə diqqət yetirmişdir. Məsələn, müəllifin bu mövzuda araşdırmaya cəlb etdiyi bədii örnəklər cərgəsində görkəmli pedaqoq yazıçı S.M.Qənizadənin “Qurban bayramı, yaxud on gün riyazət” adlı hekayəsinin təhlili ilə bağlı mülahizələri kifayət qədər maraqlı, orijinal və səmərəli təsir bağışladı. Hekayəni əhatəli və obyektiv şəkildə təhlil süzgəcindən keçirən alim belə bir doğru qənaətə gəlir ki, Qənizadənin bu əsəri bu gün də mövzu, məzmun, sənətkarlıq və obrazların səciyyəsi baxımından öz aktuallığını saxlayır. Uşaq nəsrimizin incilərindən olan bu tipli bədii nümunələrdən imtina edə bilmərik. Onları dəyərli mənəvi mirasımız kimi çap etməli, öyrənməli, indiki və gələcək nəslə anlatmalıyıq.

 

Monoqrafiyada araşdırmaya cəlb edilən əsərlərin xeyli hissəsi indiyə qədərki tədqiqatlarda diqqətdən kənarda qalmışdı. Halbuki bunlar o dövrdəki uşaq ədəbiyyatı xəzinəmizin sərvətləridir. Onları üzə çıxarıb öyrənmədən haqqında bəhs açdığımız ədəbi-tarixi mərhələdə uşaq ədəbiyyatımızın bütöv mənzərəsini yaratmaq imkan xaricindədir. Ona görə ki XIX-XX əsrlərin hüdudlarında yaranan kiçiklər üçün bədii düşüncə məhsulları çoxlu sayda mənbələrdə öz əksini tapmış, oxuculara təqdim edilmişdir. Məsələn, XX yüzilliyin əvvəllərində uşaqlardan ötrü üç jurnal nəşr olunmuşdur: “Dəbistan”, “Rəhbər” və “Məktəb”. 1906-1920-ci illər arasında ərəb əlifbası ilə işıq üzü görən həmin jurnallar xalqımızın ədəbi-mədəni tarixində uşaq mətbuatının ilk qaranquşları hesab olunur. Onların üst-üstə 130-a qədər nömrəsi çap olunmuşdur. Onların hamısını diqqətlə, səbrlə nəzərdən keçirmək böyük əziyyət və vaxt tələb edir. Bundan əlavə, o zaman çoxlu sayda dərsliklər və oxu kitabları işıq üzü görmüşdür. Onları tapmaq və lazımi materiallarla yaxından tanış olmaq da ciddi cəfakeşliklə mümkündür. Tədqiqatçı həmin jurnalları, dərslikləri və kitabları diqqətlə nəzərdən keçirmişdir. Elə buna görə də o dövrə aid uşaq ədəbiyyatı nümunələrinin, demək olar ki, əksəriyyəti monoqrafiyada bir bədii fakt və təhlil obyekti kimi ehtiva olunmuşdur.

 

Tədqiqatçının dili nə qədər elmidirsə, bir o qədər də sadə, tutumlu və sərrastdır. O, problemləri o qədər sadə və məntiqli bir dillə izah edir ki, oxucu dil və üslubun axarından razı qalır, istənilən mətləbi çətinlik çəkmədən qavrayır. Müəllifin dili və üslubu bişmiş, oturuşmuş və dolğun təsir bağışlayır.

 

S.Rəsulovanın bu monoqrafiyası bizə son illərin səviyyəli ədəbiyyatşünaslıq əsərlərindən biri kimi xoş təsir bağışladı. Biz bunu uşaq ədəbiyyatımızın öyrənilməsi yolunda layiqli bir töhfə kimi dəyərləndiririk.

 

Sənan İBRAHİMOV,

filologiya elmləri doktoru, professor