Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Elm Tarixi İnstitutunun elmi katibi, siyasi elmlər üzrə fəlsəfə doktoru  Zaur Əliyevin "Erməni kilsəsi və terror. Erməni tarixindən Ermənistan dövlətinə qədər” adlı yeni kitabı nəşr olunub.

 

Kitabda XVIII əsrin əvvəllərindən başlayaraq, Çar Rusiyasının  Cənubi Qafqazda müstəmləkəçilik planlarını həyata keçirmək məqsədilə erməni amilindən necə məharətlə istifadə etdiyi göstərilib.

 

Təqdim edilən araşdırma ermənilərin milli kimlik davasından üzübəri  mövcud Ermənistan Respublikasının terror siyasətinə qədər olan dövrü əhatə edir. Kitabda erməni kilsəsinin yaranması və fəaliyyəti, Alban kilsələrinə və kimliyinə sahiblənməsi, oğurlanmış alban adları və abidələri haqqında yeni faktlar əks olunub.

 

Nəşrdə, həmçinin erməni milli psixologiyası və  uydurma erməni soyqırımı, Qarabağda erməni terror təşkilatları və kilsəsi, alman faşizmi və ermənilər, yəhudilərə olan nifrət və terror, SSRİ dövründə törədilən terrora kilsənin yanaşması, Ermənistan dövlətinin terror siyasətinin qanunvericilikdə əks edilməsi, oğurluq soyadlar, ermənilərin film mübarizəsi və digər mövzular yer alıb.

 

Müəllif yerli və xarici arxiv sənədləri, əlyazmalar və nadir mənbələrə istinad edərək, kitabda ermənilərin Qafqaza gəlmə olmasını və burada tarixən mövcud olan Albaniya dövlətinin kimliyinə oğurluq yolla sahiblənməsini sübut edib. Kitab Erməni kilsəsi və Ermənistan dövlətinin iç üzünü açan gərəkli  mənbə rolunu oynayır.

 

Kitab elmi- tədqiqat aparan şəxslər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.