AMEA Coğrafiya İnstitutunun növbəti seminarında İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri  Xanım Rzazadə  “Təbriz Universitetində görüş” mövzusunda təqdimatla çıxış edib.

 

Təbrizin bugünkü sosial-iqtisadi-siyasi durumu, coğrafi  mövqeyi, demoqrafiyası  haqqında qısa məlumat verən məruzəçi ustanın  (rayonun) inkişaf etmiş sənaye sahələrindən, turizm obyektləri, səhiyyəsi, tarixi-mədəni abidələri, insanları, qaya parçaları üzərində yerləşən turistik Kəndovan yaşayış məntəqəsindən, Azərbaycanın ustad şairi Şəhriyarın ev muzeyindən, orada tanış olduğu xalça ustası, şair, elmlər doktoru Mahmud Rufegərlə olan tanışlıqdan, onun hələ heç yerdə nəşr edilməyən, Qarabağa həsr etdiyi poemasından və sairdən söhbət açıb.

 

O qeyd edib ki, Tehrandan sonra İranın ikinci ən böyük təhsil müəssisəsi olan Təbriz Universitetinin rəhbərliyi ilə görüşdə iştirak edib.  Görüşdə  institutla  universitet arasında sıx əməkdaşlıq əlaqələrinin qurulması üçün zəmin yarandığı diqqətə çatdırılıb.

 

İranın Təbriz Universiteti ilə  Coğrafiya İnstitutu arasında qarşıdakı 5 il müddətinə elmi tədqiqat sahəsində anlaşma memorandumu imzalanıb. Memorandumda birgə elmi tədqiqatlar,  alim, mütəxəssis, müəllim və tələbə mübadiləsi, elmi əsərlərin nəşri, qarşılıqlı olaraq keçirilən konfrans, simpozium, beynəlxalq toplantılarda iştirak, maraq doğuran müştərək layihə və proqramlarda iştirak nəzərdə tutulur.