Azərbaycanlı tələbələrin “Xalq oyunları” tamaşası iştirakçıların böyük marağına səbəb olub


Azərbaycan Texniki Universitetinin (AzTU) Türkiyənin Manisa Universitetində işgüzar səfərdə olan nümayəndələri Manisa Universitetinin rəhbərliyinin dəvəti ilə “26-cı Elm və Bahar Şənliyi” çərçivəsində keçirilən “Beynəlxalq tələbə festivalı və tələbə qrupları konserti”nə qatılıblar.

 

Festival çərçivəsində AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov və universitetin “Elektrotexnika və elektrik avadanlığı” kafedrasının müdiri, dosent Hikmət Əliyev Manisa Universitetində təhsil alan xarici tələbələrin hazırladıqları stendlərlə tanış olublar və universitetdə təhsil alan azərbaycanlı tələbələrlə Türkiyə universitetlərindəki təhsilin üstünlüklərini, çatışmazlıqlarını, həmçinin universitet kampusu məsələsinin təhsilin kefiyyətinə necə təsir göstərməsini müzakirə ediblər. 

 

Dünyanın fərqli-fərqli ölkələrindən olan tələbələr stendlərdə öz milli adət-ənənələrini, ölkələrinə xas olan ornamentləri əks etdiriblər. Eyni zamanda festivalda müxtəlif idman yarışmaları  və rəqs nömrələri nümayiş etdirilib, mahnılar ifa olunub.

 

Manisa Universitetinin xarici tələbələri arasında çoxluq təşkil edən azərbaycanlı tələbələr də festivalda aktivlik nümaiş etdiriblər. Universitetin “Azərbaycanlı Tələbələr Təmsilçiliyi”nin hazırladığı “Xalq oyunları” tamaşası festival iştirakçılarının və qonaqların böyük marağına səbəb olub.