Elnur Nəsibov: Təhsil vasitəsilə yaşıl bacarıqların formalaşdırılması çox vacibdir
Bu gün COP29 çərçivəsində “NEQSOL Holding”in təşkilatçılığı ilə “Təhsil və təqaüdlərin dayanıqlı inkişaf məqsədlərinə nail olunmasında rolu” mövzusunda panel müzakirə keçirilib.
“Azərbaycan müəllimi” xəbər verir ki, “NEQSOL Holding”in rəhbəri İmran Əhmədzadə iqlim dəyişikliklərinin aradan qaldırılmasında təhsilin vacib rolunun olduğunu vurğulayıb. O qeyd edib ki, şirkətləri hər zaman təhsillə bağlı təşəbbüsləri dəstəkləyib. “NEQSOL Holding” Azərbaycanda bir neçə təhsil müəssisəsinin təmirini həyata keçirib, tələbələrə motivasiyaedici təqaüdlərin verilməsində iştirak edib.
İ.Əhmədzadənin fikrincə, təhsillə bağlı məsələlərin həlli təkcə dövlətin üzərinə düşməli deyil, özəl qurumların da bu istiqamət üzrə təşəbbüsləri olmalı, dövlətlə sıx əməkdaşlıq etməlidirlər.
Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov iqlim dəyişikliklərinin təhsilə təsirinin aktual məsələlərdən biri olduğunu söyləyib. Onun sözlərinə görə, TİF-in tərəfdaşları sırasında böyük enerji şirkətləri, o cümlədən “NEQSOL Holding”, STP, SOCAR, bp kimi böyük şirkətlər var və onların hər birinin siyasətində yaşıllaşdırma ilə əlaqədar böyük dəyişikliklər özünü göstərir: "Onların hər biri anlayır ki, təhsil vasitəsilə maarifləndirilmənin artırılması, yaşıl bacarıqların, dəyərlərin formalaşdırılması, vətəndaşların münasibətinin dəyişdirilməsi çox vacibdir. Bununla bağlı qlobal məkanda strategiyalar var. Azərbaycanda da bu sahədə yaxşı təcrübə var. COP29-un Azərbaycanda keçirilməsinin səbəblərindən biri bu sahədə beynəlxalq təcrübənin daha dərindən öyrənilməsi və təkmilləşdirilməsidir”.
Ümumdünya Səhiyyə Təşkilatı Fondunun Baş icraçı direktoru Anil Soni insanların, xüsusilə gənclərin bəzən özlərini iqlim dəyişikliyinin təsirlərindən kənarda, gücsüz hiss etdiklərini qeyd edib.
Bu təsirlərin aradan qaldırılması üçün hazırda yeni imkanların axtarıldığını deyən Anil Soni əlavə edib ki, hamı iqlim dəyişikliyinin şiddətləndirici təsirinin olmaması üçün çalışmalı, bunun üçün hansı imkanlar yarada biləcəyini araşdırmalıdır: "Bunlar heç bir fərdin və ya hər hansı bir qrupun təkbaşına həll edə bilməyəcəyi problemlərdir. Beləliklə, nə qədər çox güc toplaya bilsək, insan potensialının imkanlarından nə qədər geniş istifadə etsək, bu çağırışlara cavab vermək üçün bir o qədər yaxşı mövqe tutacağıq”.
“NEQSOL Holding”in departament rəhbəri Dilarə Cəfərlinin sözlərinə görə, tədqiqatlar yoxsulluğun aradan qaldırılmasında təhsilin dəyişdirici gücünün olduğunu göstərir. Tələb olunan ərazilərdə qızlara təhsilverən məktəblər icmaları “yoxsulluğun amansız dövründən” “imkanlar dövrü”nə qədər inkişaf etdirib. Onun fikrincə, qızlara təhsilin verilməsi ilə bağlı təşəbbüslər davamlı təsirlər yaradır, o cümlədən iqtisadi şəraitin, sağlamlıq göstəricilərinin yaxşılaşdırılması və cəmiyyətin rifahının gücləndirilməsinə töhfə verir.
Tədbirdə daha sonra iştirakçıların mövzu ilə bağlı sualları cavablandırılıb.
1 /3
Digər xəbərlər
Qəzetimizə abunəlik
"Azərbaycan müəllimi" qəzetindən ən son xəbərləri və xüsusi təklifləri əldə etmək üçün abunə olun
2024 © "Azərbaycan müəllimi" qəzeti. Bütün müəllif hüquqları qorunur. Məlumatdan istifadə zamanı istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə hiperlink qoyulmalıdır.
Şərhlər (0)