“Tullantıdan incəsənətə” adlı müsabiqə davam edir

Bakı Slavyan Universiteti nəzdində məktəb-lisey kompleksində və 160 nömrəli Klassik Gimnaziyada “Tullantıdan incəsənətə” müsabiqəsinin məktəbdaxili seçimi üzrə növbəti tədbirlər keçirilib.

 

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Nargis” jurnalının birgə təşkilatçılığı ilə həyata keçirilən tədbirdə “Nargis” nəşriyyat evinin direktoru Aytən Hüseynova, Təhsil Nazirliyinin əməkdaşları, məktəblərin pedaqoji kollektivi, şagirdlər və təşkilatçı qurumların nümayəndələri iştirak edib.

 

“Nargis” nəşriyyat evinin direktoru Aytən Hüseynova plastik tullantıların ətraf mühitə və insan orqanizminə vurduğu zərərlər barədə şagirdlərə məlumat verib. 

 

Tədbirdə “Qoy dünya yenidən gülsün” (Make the Earth smile again) mövzusunda təqdimat nümayiş olunub, şagirdlərin tullantılardan hazırladıqları geyimlərdən ibarət moda kolleksiyaları təqdim olunub, incəsənət nümunələrinə baxış keçirilib.

 

Ötən ildən start verilən “Tullantıdan incəsənətə” müsabiqəsinin məktəbdaxili seçimi üzrə 7 təhsil müəssisəsində keçirilən tədbirlərdə 4000 nəfərə yaxın məktəbli iştirak edib.

 

Qeyd edək ki, daha 8 ümumtəhsil məktəbində keçirilməsi planlaşdırılan müsabiqədə məktəblilər tullantılardan müxtəlif incəsənət nümunələri hazırlayır və ən yaxşı işlər respublika mərhələsinə təqdim edilir. Yekunda müsabiqənin qalibləri təşkilatçılar tərəfindən mükafatlandırılacaq, qaliblər və layihə barədə ətraflı məlumat “Nargis” jurnalında işıqlandırılacaq.



03.03.2020 | 09:58