Təbiət abidələri turizm obyekti kimi

AMEA  Coğrafiya İnstitutu  Elmi seminarının növbəti iclasında  Paleocoğrafiya şöbəsinin aparıcı elmi işçisi, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Rəşid Fətəliyevin “Böyük Qafqazın cənub-şərq hissəsinin təbiət abidələri və onların geoturizm potensialının qiymətləndirilməsi” mövzusunda məruzəsi  dinlənilib.

 

Təqdimatın məqsədi Azərbaycanın təbiət abidələrinin kompleks tədqiqinə diqqətin artırılması, təbiət abidələrinin qorunması üzrə maarifləndirmə, ölkəmizdə eko- və geoturizmin inkişafına dəstək, ərazidə mövcud olan təbiət abidələrinin geoturizm obyekti kimi qiymətləndirilməsi olub.

 

Müəllif Siyəzən rayonunda yerləşən və Xızır-Zində ziyarətgahı kimi tanınan məşhur Beşbarmaq dağını və Xızı rayonu ərazisindəki  “bəzəkli”  dağları tədqiqat obyekti kimi götürüb, həmin təbiət abidələrinin turistlər üçün cəlbedici olmasını əsaslandıraraq, onların hansı geoloji dövrlərdə əmələ gəlməsi və formalaşması xüsusiyyətlərinə, tektonik, litoloji,  struktur, geomorfoloji və s. özəlliklərinə diqqət yönəldib.

 

Müəllif hər iki təbiət abidəsinin Azərbaycanın eko- və geoturizm imkanlarının genişləndirilməsində əhəmiyyətini və onların dərindən öyrənilməsi üçün kompleks tədqiqat işlərinin aparılmasının vacibliyini  qeyd edib, müvafiq tədbirlərin görülməsi üçün konkret təkliflər irəli sürub.

 



09.03.2020 | 10:09