Bakı Ali Neft Məktəbinin xaricdə təhsil alan tələbələri Bakıya gətirilib

Koronavirus (COVID-19) infeksiyasının dünyada pandemiya halını almasını nəzərə alaraq, Bakı Ali Neft Məktəbinin (BANM) xaricdə təhsil alan tələbələrinin zərurət yarandığı halda təxliyyə edilməsinə qərar verilib.

 

Artıq ali məktəbin Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Əli Nuraliyev, Xalidə Əhmədzadə və Elgün Yusifovun Norveçdən təxliyyə olunaraq  Bakıya gətirilməsi təmin edilib.

 

Bundan başqa, Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məcidov, Faiq Hacıbalayev və Fidan Quliyeva İtaliyadan təxliyyə olunuraq ötən gün axşam Azərbaycan Hava Yollarına məxsus xüsusi reyslə Bakıya geri qaytarılıb.

 

Kimya mühəndisliyi ixtisasının V kurs tələbələri Cavid Məmmədli, Nigar Cahangirova, Arzu Abdullayeva və  Neft-qaz mühəndisliyi ixtisasının V kurs tələbələri Aytac Xodayeva, Mirzəxan Əliyev də Fransadan təxliyyə olunaraq ölkəmizə gətiriliblər.

 

Eyni zamanda, tələbələrin yüksək təhlükəsizlik şəraitində karantində saxlanılması təmin edilib. Onların hər birinin vəziyyəti qənaətbəxşdir.

 

Qeyd edək ki, Bakı Ali Neft Məktəbinin 11 tələbəsi Norveç, Fransa və İtaliyada 2 ay ərzində istehsalat təcrübəsində iştirak edirdi. Onlar Heydər Əliyev Fondu və İtaliyanın neft və qaz şirkəti - “Technip FMC” arasında imzalanan əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilən “Neft, qaz və neft-kimya sahəsində təhsil alan tələbələr üçün texnoloji biliklərin ötürülməsi üzrə magistr proqramı“ layihəsinin qalibi olublar.

 

Xaricdə təhsil alan digər BANM tələbələrinə məskunlaşdıqları ölkədə tətbiq edilən xüsusi rejimə, gigiyenik qaydalara riayət etmələri, təxliyyə zərurəti yarandığı halda, mütləq şəkildə ali məktəbin məsul şəxslərinə məlumat vermələri tövsiyə olunur.



18.03.2020 | 17:40