Milli ruhumuzu, yaddaşımızı yaşadan bayram

Xalqımızın ən qədim və əziz bayramı Novruz yurdumuza qədəm qoyur. Nə gizlədək, hər dəfə  bu bayram öz gəlişi ilə bizlərin evində tamam başqa bir ab-hava yaradır. Digər bayramlar da bizlərə əzizdir. Ancaq etiraf edək ki, dünyanın yaranışını tarixən ilk yaz günü ilə bağlayan xalqımız üçün Novruz bayramı daha doğma  və qiymətlidir. Bu, Azərbaycan xalqının, azərbaycanlıların qəlbinin bayramıdır desək, bizcə daha düzgün olar.

 

Ölkəmizdə hər il mart ayında qeyd edilən Novruz baharın gəlişi, təbiətin canlanması, torpağın oyanması ilə bağlıdır.  Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan bayram insanlar arasında birlik və mehribanlığın möhkəmləndirilməsi, onların bir-birinə mərhəmət və diqqət göstərməsi kimi sağlam təməllər üzərində qurulub. Novruz xalqımızın mədəniyyətini, milli-mənəvi dəyərlərini özündə əks etdirən, dünyaya tanıtdıran qədim el bayramıdır. Azərbaycan xalqının mənəvi dünyasını, milli düşüncə tərzini, məfkurəsini, qədim mifik görüşlərini, folklorunu, milli varlığını Novruz qədər bütün zənginliyi ilə özündə ifadə edən ikinci bir ümumxalq bayramı təsəvvür etmək belə  çətindir. Xalqımız  Novruzun yaratma mərhələlərini əks etdirən dörd ünsür - su, od, yel və torpaqla bağlı adlandırılan çərşənbələrin  keçirilməsinə belə  xüsusi həssaslıqla yanaşır və  onların hər birini sevinclə qeyd edir. Tarixi min illərlə ölçülən, özündə milli adət-ənənələrimizi yaşadan Novruz bütün türk dünyasına xas olsa da, Azərbaycanda daha möhtəşəmliyi ilə seçilir.

 

Əsrlər boyu Azərbaycan xalqı bu bayramı qeyd edib. Müəyyən illərdə isə onun keçirilməsinə qadağalar qoyulsa belə, insanlar Novruzu  qəlblərində yaşadıb və özlərindən sonrakı nəslə layiqincə ötürməyi bacarıblar.

 

Hər bir xalqın milli-mənəvi dəyərlərinin qorunmasında və inkişafında tarixi şəxsiyyətlərin də üzərinə böyük vəzifələr düşür. Bu baxımdan ulu öndər Heydər Əliyevin tariximiz qarşısındakı xidmətləri sırasında Novruzun yenidən xalqımıza qaytarılması kimi ümummilli məsələni xüsusi qeyd etmək olar. Belə ki, məhz dahi şəxsiyyət Heydər Əliyevin xidmətləri sayəsində ümumi mədəni hərəkatın tərkib hissəsi kimi milli bayramımız olan Novruz ötən əsrin 70-80-ci illərində əvvəlki dövrlərlə müqayisədə kütləvi qeyd olunmağa başladı. Ümummilli liderin müstəqil Azərbaycana rəhbərliyi dövründə isə Novruz təntənələri xalqımızın həyatına birdəfəlik daxil oldu. Ulu öndər hər il Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etməklə yanaşı, həmçinin ümumxalq şənliklərinə qatılaraq xalqımıza ikiqat sevinc yaşadırdı.

 

Dahi şəxsiyyət Heydər Əliyev çıxışlarında bayram barədə belə söyləyirdi: “Bu bayram çox qədim tarixə malikdir və əcdadlarımızın bizə töhfəsi, onlardan qalmış mirasdır... Böyük mənəvi gücə malik olan Novruz bayramı ulu əcdadlarımızın bizə verdiyi ən gözəl yadigar olub, Azərbaycan xalqının milli ruhunu və yaddaşını, onun daxili aləmini bütün zənginliyi ilə yaşadır. Təbiətin oyanışının, varlığın yenidən canlanmasının müjdəsini verən Novruz bayramı ən qədim zamanlardan bəri həyat və məişətimizə daxil olmuş, insanlara aydın və işıqlı sabaha, xoşbəxt gələcəyə inam duyğusu bəxş etmişdr...

Bu bayramı heç kəs əmrlə yaratmayıbdır. Onu da demək istəyirəm ki, zorla, əmrlə insanları hansısa bayramı keçirməyə məcbur etmək çətindir. Təbii ki, olubdur - bəzən xüsusi, siyasi məqsədlərlə - hamı bunu bayram edib. Amma Novruz bayramının fərqi ondan ibarətdir ki, bunun nə siyasi, nə də iqtisadi mənası var. Bu, ancaq bahar bayramıdır, təbiətin bizə bəxş etdiyi bayramdır, elmi əsaslardan irəli gələn bayramdır. Bu, azərbaycanlıların bayramıdır”.

 

Sevindirici haldır ki, ümummilli liderin qoyduğu bu ənənə onun siyasi kursunun layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Təbiət bayramı  sayılan  Novruzun ölkəmizdə dövlət səviyyəsində qeyd edilməsi həm də ulu əcdadlarımızın xatirəsinə dərin ehtiramın əlamətidir. Novruzu milli-mənəvi dəyərlərimizin təcəssümü adlandıran Prezident İlham Əliyevin hər il bayramın gəlişi ilə bağlı  xalqa ünvanladığı təbriklər, bayram şənliklərinə qatılması, Bakının qədim meydanındakı tonqalı alovlandırması, əhali ilə bayramlaşması bayram ovqatını daha da artırmaqla yanaşı, onun özünün söylədiyi kimi, hər bir Azərbaycan vətəndaşının yanında olduğunu bir daha göstərir.

 

Dövlət başçısı İlham Əliyev  Novruzu hər bir azərbaycanlının daxili aləmində ən ülvi niyyətlərin və saf duyğuların yer tutduğu bayram kimi qiymətləndirir: “Qədim dövrlərdən bəri mənəvi həyatımızın ən dərin qatlarına nüfuz etmiş və milli-mədəni dəyərlərimizin təşəkkülündə müstəsna yer tutmuş Novruz bayramı əcdadımızın indiki nəsillərə misilsiz yadigarıdır. Təbiətlə insanın vəhdətinə dair təsəvvürləri yaşadan rəngarəng Novruz mərasimlərində xalqımızın dolğun həyat fəlsəfəsi və zəngin düşüncə dünyası parlaq təcəssümünü tapmışdır. Azərbaycan torpağında Novruz bayramı daim yad təsirlərdən uzaq tutulmuş və heç bir qüvvəyə onu insanlarımızın qəlbindən çıxarmaq imkanı verilməmişdir. Biz onun böyük mənəvi gücü sayəsində keçmişimizin mürəkkəb dövrlərində belə nikbinliyimizi və gələcəyə inamımızı qoruyub saxlamağı bacarmışıq. Yaz bayramının bu gün əsl ümumxalq bayramı mahiyyəti qazanması dövlət müstəqilliyimizin nailiyyətlərindəndir”.

 

Onu da xüsusi vurğulamaq lazımdır ki, ölkəmizdə yürüdülən məqsədyönlü və ardıcıl siyasət mənəvi sərvətlərimizin təbliğində də bariz şəkildə özünü göstərir. Belə ki, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım  Əliyevanın çoxşaxəli fəaliyyəti  nəticəsində 2009-cu il sentyabrın 30-da xalqımızın əziz bayramı  Novruz YUNESKO tərəfindən qeyri-mədəni irs siyahısına daxil edilib, 2010-cu il 23 fevralda isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında mart ayının 21-i “Beynəlxalq Novruz Günü” elan edilmişdir. Bununla da, bu bayram regional müstəvidən çıxaraq beynəlxalq səviyyəli tədbirə çevrilib.

 

Bir vaxtlar  bizlər Novruz bayramını, bayrama xas adət-ənənələri filmlərdə  görürdük.  Hər dəfə “Dəli Kür”, “Yeddi oğul istərəm” və digər filmləri  seyr edəndə bu bayramın necə keçirildiyinin şahidi olurduq. O zaman ağlımıza belə gəlməzdi ki, illər keçəcək valideynlərimizə,  bizlərə, eləcə də  böyüməkdə olan nəslə bu əziz hadisənin canlı iştirakçısı olmaqla onu  ümumxalq bir bayram olaraq elliklə daha təntənəli və möhtəşəm keçirmək  nəsib olacaq. 

 

Novruz təbiətin oyanışı ilə ürəklərdə həm də xoş arzuların yarandığı və bu arzuların gerçəkləşməsinə ümid bəslənilən  bir bayramdır. Xalqımız  bu bayramı keçirərkən niyyət edir, yaxınlarına, doğmalarına  sağlam olmalarını arzulayır, ən xoş diləklərini çatdırır. Ancaq bir istək var ki, onu bütün xalqımız arzulayır və çin olmasını səbirsizliklə gözləyir. Həmin arzunu dövlət başçısı İlham Əliyev ümumxalq şənliklərinin birində belə ifadə edib: “Dəfələrlə bildirmişəm, bir daha bildirmək istəyirəm ki, Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaq. Dağlıq Qarabağ əzəli Azərbaycan torpağıdır. Biz ərazi bütövlüyümüzü bərpa etməliyik. Beynəlxalq hüquq da bizim mövqeyimizi dəstəkləyir. Bölgədə vəziyyət bizim xeyrimizə işləyir. İqtisadi, hərbi potensial da aydındır ki, bizim tərəfimizdədir. Aprel hadisələri bunu bir daha göstərdi. Ona görə biz daha da güclü olmalıyıq, daha da güclənməliyik və biz bunu edirik...

 

Nəyin bahasına olursa-olsun ərazi bütövlüyümüzü bərpa edəcəyik. Bunu etmək üçün əlbəttə ki, biz uğurlu siyasət aparırıq, hər gün, hər il biz o günü yaxınlaşdırırıq. Bilirsiniz ki, Azərbaycan bayrağı bu gün Lələtəpədə və Ağdərədə dalğalanır, Şuşada da, Xankəndidə də dalğalanacaq”.

 

Amin. İnşallah!

Bayramımız mübarək!

 

Samirə KƏRİMOVA

 



20.03.2020 | 10:00