“eTwinning Plus” layihəsi çərçivəsində seminar

23-25 may 2018-ci il tarixlərində Bakıda “eTwinning Plus” layihəsi çərçivəsində  “Təhsildə İKT” mövzusunda seminar keçiriləcək.

 

Üç gün davam edəcək seminarda 8 ölkəni təmsil edən qonaqların iştirakı gözlənilir. Tədbirdə Bolqarıstan, Finlandiya, Fransa, Gürcüstan, Latviya, Malta, Çexiya, Slovakiya və Azərbaycandan müəllimlər və “eTwinning” layihəsi üzrə nümayəndələr iştirak edəcəklər.

 

Seminar layihədə iştirak edən müəllimlərin bilik və bacarıqlarının artırılması və layihənin Azərbaycanda genişləndirilməsinin təmin etmək məqsədi daşıyır.

 

Seminar çərçivəsində həm xarici, həm də yerli mütəxəssislərin rəhbərliyi ilə İKT-nin təhsilə tətbiqi, layihə əsaslı təhsil və müəllimlərin XXI əsr bacarıqlarını inkişaf etdirəcək müxtəlif təlim və müzakirələr təşkil olunacaq.

 

Qeyd edək ki, “eTwinning Plus” layihəsi çərçivəsində Azərbaycandan indiyədək 244 məktəbdən 660 müəllimin iştirakı ilə 735 təhsil layihəsi həyata keçirilib. Eyni zamanda “eTwinning Plus” layihəsində iştirak edən müəllimlərin pedaqoji bilik və bacarıqlarının artırılması məqsədi ilə onlayn təlimlər, Avropanın müxtəlif ölkələrində seminar və konfranslar təşkil olunur və layihəyə üzv müəllimlər burada iştirak edir. Bu layihə Azərbaycanda 2016-cı ildən etibarən Təhsil Nazirliyi nəzdində Təhsil Sisteminin İnformasiyalaşdırılması İdarəsi tərəfindən reallaşdırılır.

 



16.05.2018 | 18:04