“ZOOM” platforması qısa müddətdə müəllim və tələbələrin yaxın dostuna çevrilib”

Koronavirus pandemiyası dünya təhsil sisteminə ciddi təsir göstərib və demək olar ki, bütün ölkələrdə təlim-tədris prosesi dayanıb. Belə bir şəraitdə onlayn təhsil imkanları da araşdırılıb və distant təhsilə qərar verilib. Azərbaycanın bir sıra aparıcı ali təhsil müəssisələri onlayn təhsil platformasında dərslərə artıq başlayıb. Bəs, regionlardakı ali məktəblərdə vəziyyət necədir?

 

Konkret olaraq Mingəçevir Dövlət Universiteti (MDU) ölkədə tətbiq olunan karantin şəraitində təhsilin davamı üçün hansı imkanlardan yararlanır?

 

MDU-nun rektoru Şahin Bayramov bildirib ki, rəhbərlik etdiyi ali məktəbdə də cari fəaliyyət məsafədən idarəetmə və online kommunikasiya prinsipləri üzərində qurulub:

 

- Müasir informasiya-kommunikasiya texnologiyalarının təqdim etdiyi bütün mümkün imkanlardan istifadə edirik. Bu yanaşma tədris, elm, maliyyə, kadr və digər məsələlər üzrə fəaliyyəti əhatə etməklə, universitet idarəetməsinin bütün həlqələrində (rektorluq, dekanlıqlar, kafedralar, şöbələr və s.) tətbiq olunur. Nəticədə həm Təhsil Nazirliyi tərəfindən fəaliyyətimizlə bağlı verilən qərar və tapşırıqların vaxtında icra edilməsində, həm də universitet daxilində çevik kommunikasiyanın təmin olunmasında heç bir çətinlik yaranmayıb. Mövcud şəraitdə qarşımıza qoyduğumuz əsas vəzifə tədris prosesində davamlılığın təmin edilməsindən ibarətdir. İlkin mərhələdə “ZOOM” platforması və “Videodərslər” kimi məsafədən təhsil texnologiyalarının imkanlarından istifadə etməyə başladıq. Hər iki metodun tətbiqi zamanı konkret mövzular üzrə mühazirə mətnləri elektron poçt vasitəsilə dərsdən əvvəl tələbələrə göndərilir. Başqa sözlə, tələbələr mühazirə mətnləri vasitəsilə əldə etdikləri bilik və bacarıqları “ZOOM” dərsləri və “Videodərslər” yolu ilə daha da gücləndirmək imkanı əldə edirlər. Məsafədən təhsil sahəsində beynəlxalq təcrübədə geniş yayılmış “ZOOM” platformasının video-konferensiya alətinin tətbiqi ilə müəllim və tələbələr arasında bağlantı yaradırıq. Video-konferensiya müəllim və tələbələr arasında görüntülü və çoxtərəfli müzakirələrin aparılmasına imkan verir. Online və offline rejimdə fəaliyyət göstərən bu tətbiq tələbələr tərəfindən müəllimə həm şifahi, həm də yazılı sualların verilməsinə şərait yaradır. Həm kompüter, həm də mobil tətbiqinin olması tələbələrin bu sistemə qoşulmasını asanlaşdırır. Dərslər əvvəlcədən müəyyən edilən dərs cədvəli əsasında təşkil olunur.

 

MDU rektorunun sözlərinə görə, qısa müddət ərzində tələbə və müəllimlərin yaxın dostuna çevrilən “ZOOM” platformasında keçirilən dərslərin dekanlar, tyutorlar və Tədris şöbəsi əməkdaşları tərəfindən monitorinqi həyata keçirilir.

 

Ş.Bayramov belə bir statistika da təqdim edib: “Bu vaxta qədər, “ZOOM” platformasında 10 təqvim günü ərzində MDU üzrə 107 fənn üzrə 102 müəllim tərəfindən, ümumilikdə 219 dərs keçirilib. Başqa sözlə, universitetin professor-müəllim heyətinin 60%-inin cəlb olunduğu “ZOOM” tədrisində gündəlik orta hesabla 20 dərs təqdim olunub”.

 

O da diqqətə çatdırılıb ki, alternativ tədris metodu qismində, universitetin professor-müəllim heyəti üzvlərinin iştirakı ilə hazırlanan “videodərslər” offline rejimdə Youtube kanalı vasitəsilə tələbələrin istifadəsinə verilir:” Ev şəraitində müəllimlər tərəfindən hazırlanan “videodərslər” universitetin İnformasiya Texnologiyaları mərkəzində ümumi formata uyğunlaşdırıldıqdan sonra MDU-nun Youtube kanalında yerləşdirilir. Bu metodun əsas üstünlüyü tələbələrin “videodərslər”ə cədvəl üzrə konkret dərs vaxtı deyil, özləri üçün uyğun olan istənilən vaxtda (həm də bir neçə dəfə) baxa bilmələri ilə şərtlənir.

 

Bu vaxta qədər, 9 təqvim günü ərzində MDU üzrə 77 müəllim tərəfindən hazırlanan, ümumilikdə 151 videodərs tələbələrin istifadəsinə təqdim edilib. Youtube kanalından əldə etdiyimiz 31 mart tarixinə olan məlumata əsasən həmin “videodərslər”, ümumilikdə 30 min dəfədən çox izlənilib. Bu isə hər bir “videodərs” üzrə orta hesabla 400-ə yaxın baxış sayı deməkdir”.

 

Ş.Bayramov müsbət hal kimi MDU-nun professor-müəllim və inzibati-texniki heyət üzvlərinin böyük fədakarlığı hesabına təqdim olunan dərslərin tələbələr və onların valideynləri tərəfindən böyük ruh yüksəkliyi ilə qarşılandığını vurğulayıb.

 

Hazırda Təhsil Nazirliyinin dəstəyi ilə dərslərin Microsoft Teams platformasında keçirilməsi üzərində  işləri yekunlaşdırmaq üzrə olduqlarını bildirən rektor hesab edir ki, daha geniş imkanlar təklif edən bu online təhsil metodunun tətbiqi tədris prosesinin daha sistemli şəkildə təşkilinə imkan verəcəkdir.

 

Bir məqam da diqqətə çatdırılıb ki,  tələbənin məsafədən keçirilən dərslərdə iştirakı üzrə davamiyyəti nəzərə alınmır. Daha konkret desək, online dərslərdə iştirak etməyən tələbənin davamiyyətlə bağlı problemi olmayacaq.

 

MDU rektoru bildirib ki, dərslərlə yanaşı, Elmi Şuranın iclası da online formatda keçirilib və burada koronavirusla mübarizə istiqamətində ölkədə həyata keçirilən tədbirlərdən irəli gələn vəzifələr, yaranmış şəraitdə MDU-da tədrisin təşkili məsələləri müzakirə olunub.

 

Universitet əməkdaşlarının mart ayı üçün əmək haqları, tələbələrin isə yanvar-fevral ayları üçün təqaüdlərinin tam ödənilməsinin təmin edildiyi, Novruz bayramı münasibətilə universitetin bütün əməkdaşlarına birdəfəlik maddi yardımın verildiyi, 2020-ci ilin birinci rübündə universitet üzrə nəzərdə tutulan bütün sosial, vergi, kommunal və digər ödənişlərin tam ödənilməsinin təmin olunduğunu    diqqətə çatdıran Ş.Bayramov tələbələrin mart ayı üçün təqaüdlərinin də yaxın günlərdə veriləcəyini söyləyib.

 

Ş.Bayramov koronavirusla mübarizədə universitet tələbələrinin təşəbbüslərinə də toxunub, onların fləşmoblar, sosial şəbəkələrdə etdikləri çoxsaylı çağırışlar və əhəmiyyətli paylaşımlarını yüksək qiymətləndirdiyini qeyd edib:

 

-Mart ayı ərzində tələbə və gənc əməkdaşlarımızdan ibarət könüllü qruplarımız qlobal pandemiya dövründə xüsusi qayğıya ehtiyacı olan bir neçə ailəni ziyarət edib, onlara müvafiq yardımlar göstəriblər. Eyni zamanda, MDU Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban Əliyevanın göstərdikləri xeyirxahlıq təşəbbüsünə ilk qoşulanlardan olub. Belə ki, universitetin Elmi Şurasının müvafiq qərarına əsasən, MDU-nun hesabından Koronavirusla Mübarizəyə Dəstək Fonduna 15  min manat vəsait köçürülüb. MDU əməkdaşları tərəfindən qeyd olunan fonda fərdi qaydada ianələr göstərilməsi prosesi hazırda davam edir. Əminik ki, dövlətimiz tərəfindən həyata keçirilən zəruri tədbirlər və xalqımızın göstərəcəyi həmrəylik sayəsində qlobal pandemiya elan olunmuş koronavirus infeksiyasına birlikdə qalib gələcəyik.



01.04.2020 | 11:30