"Azərbaycanın çiçəksiz ali bitkiləri” adlı kitabı ingilis dilində

Dünya Florası Onlayn Konsorsiumunun bərabərhüquqlu üzvü olan Azərbaycan Milli Elmlər Akademiyasının Botanika İnstitutu 2014-cü ildən Azərbaycanın e-florasının hazırlanması istiqamətində məqsədyönlü işlər aparır. Bu çərçivədə Azərbaycan florasının təbii, ksenofit və adventiv vaskulyar (damarlı) bitkilərinin mövcud müasir təsnifat və nomenklaturaya uyğun məlumat siyahısının (çeklistin) tərtib olunması nəzərdə tutulub.

 

Bu məlumat siyahısının verildiyi “Azərbaycanın çiçəksiz ali bitkiləri” kitabının I cildi COVID-19 pandemiyası ilə əlaqədar yalnız elektron versiyası işıq üzü görüb. Bu cild institutun Elmi Şurasının qərarı ilə Sistematika və biomüxtəliflik şöbəsinin müdiri Rəşad Səlimov, Herbari şöbəsinin müdiri Pərvanə Qaraxani və elmi işçi Zenfira Əliyevanın müəllifliyi ilə nəşrə hazırlanıb.

 

Bu barədə Botanika İnstitutundan məlumat verilib. Bildirilib ki, yosunlar, göbələklər və bitkilər üçün Beynəlxalq Nomenklatur Kodeksinə (Şenzen Kodu, 2018) əsasən hazırlanmış nəşrin elmi redaktoru akademik İradə Hüseynova, məsul redaktoru isə akademik Validə Əlizadədir. Nəşrin elmi resezenti ABŞ Missuri Botanika Bağının prezidenti Dr. Piter Uayz Cekson, rəyçiləri Ukrayna EA-nın müxbir üzvü Sergey Mosyakin, Rusiya Təbiət Elmləri Akademiyasının müxbir üzvü Svetlana Litvinksaya, AMEA-nın müxbir üzvü Maqsud Qurbanovdur.

 

Bu cilddə ilk dəfə olaraq Azərbaycan florasının çiçəksiz ali bitkilərinə aid bütün ədəbiyyat məlumatları ümumiləşdirilib və təhlil edilib. Onların öyrənilmə dərəcəsi dəqiqləşdirilib, molekulyar filogenetik tədqiqatlara və müasir nomenklaturaya əsasən, taksonomik bölgüsü hazırlanıb, taksonların sinonimləri, həyat formaları, fenologiyası və botaniki-coğrafi rayonlar üzrə yayılması qeyd olunub.

 

Vəsait yerli və xarici mütəxəssislərlə yanaşı, əlaqədar tədris-tədqiqat sahələri və Azərbaycan florasının öyrənilməsinə maraq göstərən geniş oxucu auditoriyası üçün də nəzərdə tutulub. “Azərbaycanın çiçəksiz ali bitkiləri” elektron kitabı dünyanın müxtəlif aparıcı elmi-tədqiqar müəsissəsələrinin botanik alimlərinə paylanılıb.

 

 



14.04.2020 | 11:32