“#EVDƏ QAL, ŞEİR SÖYLƏ” adlı IV Bədii qiraət müsabiqəsi başa çatıb

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində  (ADMİU )  “#EVDƏ  QAL, ŞEİR SÖYLƏ” adlı IV Bədii qiraət müsabiqəsi başa çatıb.

 

Ənənəvi hal alan müsabiqə bu il sərbəst mövzuda keçirilib. Təşkilat komitəsi koronavirus pandemiyasının yayılması ilə əlaqədar sosial izolyasiya tədbirləri və karantin şərtlərinə görə  müsabiqənin onlayn rejimdə keçirilməsini qərara alıb. Münsiflər heyətinin tərkibi, teatr sənəti fakültəsinin səhnə danışığı kafedrasının müəllimləri- Əməkdar artist, dosent Azad Şükürov, dosent Nadir Hüseynov, Əməkdar artist, dosent Mahirə Yaqubova, Xalq artisti Mehriban Zəki, Əməkdar artist, dosent Ağalar Bayramov, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Kəmalə Mehdiyeva və Bakı Kitab Mərkəzinin direktoru, yazıçı, publisist Günel Anarqızından ibarət münsiflər heyəti birinci mərhələdə 31 tələbədən 24-ünün növbəti mərhələyə keçməsini məqsədəuyğun hesab edib.

 

Nitqin səlisliyi, aydınlığı, heca və məntiqi vurğuların düzgün ifadəsi, sözaltı mənanın çatdırılması, jest, mimika, səs tonu kimi meyarların əsas götürüldüyü müsabiqədə birici yerə teatr sənəti fakültəsinin tələbəsi Fərid Bağırov layiq görülüb. Laureat  final mərhələsində Əliağa Kürçaylının “Qəzəb” şeiri ilə çıxış edib.

 

İkinci yerə M.Yaqubun “Buraxma məni” şeirini səsləndirən SABAH qruplarının II kurs tələbəsi Sabirə Abdullayeva çıxıb.

 

Müsabiqənin 3-cü mükafatına isə teatr sənəti fakültəsinin və SABAH qruplarının III kurs tələbələri Sərxan Kərimli (Bəxtiyar Vahabzadə “Hörümçək tor bağladı”) və Rəşid Mikayılov (Mikayıl Müşfiq "Bu görüş") layiq görülüblər.

Dilarə Nəzərova teatr sənəti fakültəsinin, Azər Məmmədov və Sənan Kazımov isə səhnə danışığı kafedrasının xüsusi mükafatını qazanıb.

 

Bundan başqa, 6 tələbəyə müsabiqənin diplomları, digərlərinə isə iştirakçı sertifikatı veriləcək.

 

Müsabiqədə yer tutan tələbələri dəyərli hədiyyələr, diplom və pul mükafatı gözləyir. Müsabiqənin bağlanışı və qaliblərin mükafatlandırılması mərasimi karantin rejimi bitdikdən sonra  Bakı Kitab Evində təntənəli şəkildə keçiriləcək.

 



15.04.2020 | 13:36