Rusiyada universitetlər yay sessiyasını onlayn təşkil edəcək

Rusiya universitetləri yay sessiyasının onlayn keçirilməsini  təşkil etməyə hazırdırlar.  Rusiyanın "TASS"  agentliyinin məlumatına əsasən, bu barədə ölkənin   elm və ali təhsil naziri Valeri Falkov koronavirusun yayılmasının qarşısının alınması şəraitində tədrisin təşkili üzrə işçi qrupunun iclasında bildirib.

  

"Mən bu gün ən müxtəlif regionların - Uzaq Şərqdən Rusiyanın mərkəzi hissəsinə qədər ali təhsil müəssisələrinin bir çox rektorları ilə  danışıqlar aparmaq imkanına malik oldum.  Ümumi əhval-ruhiyyə belədir: prinsipcə universitetlər,  ali təhsil müəssisələri adaptasiya olunublar  və belə bir anlayış var ki, aralıq yekun  attestasiyasını  hazırda sizinlə fəal istifadə etdiyimiz texnologiyaların köməyi ilə təşkil etmək tamamilə mümkündür", - deyə V. Falkov bildirib.
 

O qeyd edib ki,  Elm və Ali Təhsil Nazirliyində distant təhsil formatına keçidlə bağlı yerlərdə müxtəlif həcmdə xərclər  vardır. "Amma buna baxmayaraq, sistem uyğunlaşdı və  biz bu prosesi keçdik. Odur ki, yaxın zamanlarda  Elm və Ali Təhsil Nazirliyinin tabeliyində olan bütün ali məktəblərdən imtahan sessiyasını  distant formatda təşkil etməyə hazır olduqları barədə məlumat istəyəcəyik", - deyə nazir vurğulayıb.

 

Xatırladaq ki, nazirlik koronavirusun yayılmasının qarşısının alınması tədbirləri başlayanda,  ali məktəblərə martın 16-dan  distant təhsilə keçməyi tövsiyə edib.

 

Oruc MUSTAFAYEV

 



15.04.2020 | 15:00