MEK Nəriman Nərimanova dair elektron kitabları təqdim edir

Görkəmli ictimai-siyasi və dövlət xadimi, yazıçı, həkim Nəriman Nərimanovun 150 illik yubileyi çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) onun həyat və fəaliyyətinə dair zəngin arxiv materialları əsasında yazılan bir sıra əsərləri və sənədləri PDF formatında geniş oxucu kütləsinə təqdim edir.

 

MEK-dən bildirilib ki, oxucular elmi redaktoru akademik Ramiz Mehdiyev, tərtibçisi Teymur Əhmədov olan “Nəriman Nərimanov. Məktublar və Qarabağ məsələsinə dair sənədlər”, Həsən Həsənovun “Nəriman Nərimanovun milli dövlətçilik baxışları və fəaliyyəti”, “Nəriman Nərimanovun tarixi missiyası”, tərtibçisi və rus dilindən çevirəni Vilayət Quliyev olan “Əlimərdanbəy Topçubaşov Paris məktubları”, eləcə də rus dilində “Дипломатические беседы A.Топчибашева в Стамбуле” və digər nəşrlərlə kitabxananın mek.az saytında tanış ola bilərlər.

 

Ədəbiyyatımızın demokratik fikirlərlə zənginləşməsində böyük rol oynayan, əsərlərində maariflənməyə, mədəni yüksəlişə çağırış edən N.Nərimanov Azərbaycan mədəniyyətinin və milli bədii nəsrinin tərəqqisinə dəyərli töhfələr verib.

 

Bədii yaradıcılığı ilə ictimai-siyasi fəaliyyəti sıx bağlı olan N.Nərimanov milli maraqları daim üstün tutan şəxsiyyət kimi mədəni sərvətlərimizin mühafizəsinə, ana dilinin saflığı məsələlərinə xüsusi diqqət yetirib, elmin və maarifin inkişafı üçün yorulmadan çalışıb.

 

MEK-dən bildirilib ki, kitabxana tərəfindən PDF kitablar “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 18 və 19-cu maddələrinə uyğun olaraq, müəlliflik hüququ haqqında razılaşmaya əsasən oxucuların ixtiyarına verilir.

 

Keçid linki: http://mek.az/article.aspx?id=6212

 



15.04.2020 | 17:36