24 saat onlayn fəaliyyət göstərən kitabxana

Naxçıvan Dövlət Universitetində (NDU) təhsil alan tələbələrin bütün dünyanın koronavirus pandemiyası ilə mübarizə apardığı bu günlərdə mütaliə vərdişindən geri qalmamaları üçün ali təhsil ocağının Elmi Kitabxanası onlayn fəaliyyətə başlayıb.

 

Bu məqsədlə universitetin bütün fakültələrindən tələbələr cəlb olunmaqla, həftədə iki dəfə onlayn kitab müzakirələri təşkil edilir.  

 

Kitabxanadan bildirilib ki, “Kitablardan pıçıltılar” adlı onlayn müzakirədə ilk dəfə M.H. Şəhriyarın nisgilli taleyi və ömür yoluna nəzər salınıb, şairin şah əsəri sayılan “Heydərbabaya salam” poeması bədii qiraət edilib. Qeyd edilib ki, poema əslində şairin uşaqlıq yaddaşında yaşayan ucqar bir kəndin xiffəti ilə yazılsa da, bütöv Vətən haqqında dastan kimi oxunur.  Tələbələr şairin yaradıcılığından “Yar qasidi”, Behcətabad xatirəsi”, “Eynşteynə məktub” adlı bir sıra şeirləri də səsləndiriblər.

 

25 tələbənin iştirakı ilə keçirilən müzakirədə Şəhriyarın yaradıcılığı ilə bağlı suallar da cavablandırılıb. Şairin xatirələrindən söz açılıb, onun geriyə qalan sevgi və ağrı dolu məktubları oxunub.

 

Sonda kitabxananın direktoru Fariz Əhmədov qeyd edib ki, artıq kitabxana lib.ndu.edu.az saytı vasitəsilə 24 saat onlayn fəaliyyət göstərir. Hər hansı kitabı oxumaq istəyən tələbə kitabın adını bu elektron ünvana göndərməklə, 1 saat müddətində həmin kitabın pdf. variantını və yaxud linkini əldə edir. Vurğulanıb ki, son 3 gün ərzində dərs vəsaiti, dərsliklər, bədii ədəbiyyat olmaqla, kitabxanaya müraciət edilən 200-dən çox oxucu müraciəti cavablandırılıb.  

 

 



16.04.2020 | 16:13