ADPU-nun Quba filialında "Online qonaq" layihəsi

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba Filialında rəhbərliyin ideya və təşəbbüsləri əsasında müxtəlif layihələr həyata keçirilir. Belə layihələrdən biri də "Online qonaq" layihəsidir.

 

Filialdan bildirilib ki, “ORKHANWAY Coaching” şirkətinin rəhbəri, Beynəlxalq Əmək Təşkilatının biznes təlimçisi Orxan Şahbaz layihənin qonağı olub. Qeyd edilib ki,  O. Şahbaz, həmçinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin özünəməşğulluq proqramının biznes təlimlərinin aparılmasına məsul şəxsdir.

 

Filialın tərbiyə işləri üzrə direktor müavini Aysel Şeydayeva bildirib ki, O.Şahbaz Tələbə Gənclər Təşkilatının (TGT) apardığı şifahi sorğu və  çoxsaylı təkliflər əsasında layihənin qonağı seçilib. Qonaq  “Zoom” proqramı vasitəsilə layihəyə qoşula bilən tələbələrə "Özünüifadə və natiqlik, uğurun sirri" adlı təlim barədə  məlumat verib, tələbələri maraqlandıran sualları cavablandırıb.

 

O.Şahbaz  tələbələrə indiki zamanda sosial mediadan bir qədər uzaq olaraq, kitab oxumağı tövsiyə edib, bütün tələbə təşkilatları ilə yaxından maraqlanmağın, fəal tələbə həyatı yaşamağın üstünlüklərini anladıb.  

 

Sonda o,  gənclərə seçdikləri ixtisaslarına mükəmməl  yiyələnməyi məsləhət görüb: "Maslovun ehtiyaclar piramidasında deyilir ki, insan doğulandan ölənə qədər 5 ehtiyac sistemi keçir. Fizioloji ehtiyaclar, təhlükəsizlik ehtiyacı, sevgi və kiməsə aid olmaq ehtiyacı, hörmət və tanınmaq ehtiyacı və özünü aktuallaşdırmaq ehtiyacı. Digər ehtiyaclarda olduğu kimi, hörmət və tanınmaq ehtiyacı hər bir insan üçün vacibdir. Hər yerdə seçilmək istəyirsən. Hamıdan  ən yaxşı olmaq istəyirsən. Məsələ odur ki, bütün insanlar bunu istəyir, amma ona çatmaq üçün nəyi isə etmir. İnsan istədiyi hər şeyə nail ola bilər. A planı alınmadısa , B-yə keç, o da alınmadısa C planı ilə daha yaxşını edib A-nı və B-ni kölgədə qoya bilərik. Ona görə, uşaqlıqdan istəməli, ona çatmaq üçün əlimizdən gələni etməliyik”.

 



18.04.2020 | 14:27