SDU-da “Realist ədəbiyyatımızın parlayan ulduzu” adlı onlayn konfrans

Sumqayıt Dövlət Universitetində (SDU) Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinə həsr olunan “Realist ədəbiyyatımızın parlayan ulduzu” adlı onlayn formatda elmi-praktik konfrans keçirilib.

 

Universitetin humanitar məsələlər üzrə prorektoru, dosent Ramiz Hüseynov əvvəlcə vətəndaşların qlobal pandemiyaya çevrilən Koronavirus (COVID-19) infeksiyasından qorunmasının Azərbaycan dövləti üçün prioritet məsələ olmasından danışıb.   O deyib ki, respublikada bu epidemiyanın yayılmasının qarşısının alınması məqsədilə orta və ali məktəblərdə tədris prosesinin müvəqqəti dayandırıldığı nəzərə alınaraq, Təhsil Nazirliyinin göstəriş və məsləhətlərinə uyğun olaraq SDU-da tədris, elmi təcrübələrin bölüşülməsi və xarici layihələr, görüşlər, konfranslar onlayn formada təşkil edilir.

 

Daha sonra prorektor Azərbaycan ədəbiyyatı və dramaturgiyasının inkişafında böyük xidmətləri olmuş yazıçı, dramaturq, publisist, tənqidçi Ə.Haqverdiyevin  ömür yolundan və zəngin yaradıcılığından söz açıb. Bildirib ki, Ə. Haqverdiyevin 150 illik yubileyinin qeyd olunması barədə ölkə başçısı İlham Əliyev tərəfindən imzalanan sərəncam bir daha sübut edir ki, Azərbaycan ədəbiyyatına, yazarlarına diqqət və qayğı hər zaman yüksək səviyyədə olub.

 

Universitet rəsmisinin sözlərinə görə, Ə. Haqverdiyevin adının YUNESKO-nun 2020–2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi çoxəsrlik ədəbiyyatımızın parlaq siması olan ədibin yaradıcılığının yüksək qiymətləndirilməsinin aydın təzahürüdür.   

 

Ramiz Hüseynov onu da qeyd edib ki,  yaşadığı dövrdə milli özünüdərk, vətənini istiqlala qovuşdurmaq, millətini tərəqqiyə çatdırmaq, ana dilinin gözəlliyini saxlamaq arzularının gerçəkləşməsi üçün Ə. Haqverdiyev bir tərəfdən bədii nəsrin, dramaturgiyanın imkanlarından, digər tərəfdən mətbuatın,  xüsusilə “Molla Nəsrəddin” jurnalının tribunasından məharətlə istifadə edib.

 

Konfransda Azərbaycan və xarici ölkələr ədəbiyyatı kafedrasının müdiri, professor Avtandil Məmmədov “Əbdürrəhim bəy Haqverdiyev Molla Nəsrəddin ədəbi məktəbinin qüdrətli nümayəndəsi kimi”, folklorşünaslıq elmi-tədqiqat laboratoriyasının müdiri, professor Astan Bayramov “Əbdürrəhim bəy Haqverdiyevin hekayələri”, “Çapar” aylıq tarixi jurnalının baş redaktoru Dilqəm Əhməd “Əbdürrəhim bəy Haqverdiyevin Azərbaycan Cümhuriyyəti dövründəki fəaliyyəti” və digər məruzəçilərin fikirlərində  Ə. Haqverdiyevin əsərlərinin bütün zamanlarda öz aktuallığı ilə seçilməsi, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsində əhəmiyyətli rol oynaması xüsusi vurğulanıb.

 



20.04.2020 | 17:24