Varşava Universitetinin tələbələrinə distant Azərbaycan tarixi dərsləri

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Tarix İnstitutunun aparıcı elmi işçisi, Polşadakı Azərbaycanşünaslıq Mərkəzinin rəhbəri Nərgiz Axundova Varşava Universitetinin tələbələrinə Azərbaycan tarixini distant tədris edir.

 

İnstitutdan verilən məlumata görə, adıçəkilən elmi işçi “Azərbaycanın orta əsrlər tarixi”, “Azərbaycan çar və sovet Rusiyasının işğalı dövründə”, “Azərbaycanın xarici siyasəti” və “Azərbaycanın beynəlxalq əlaqələri” fənləri üzrə tələbələrə onlayn mühazirələr keçir.

 

Bildirilib ki, tarixçi alimlər- Nərgiz Axundova “Səfəvi dövlətinin idarəetməsində Azərbaycan-türk əyanlarının rolu”, Vasif Qafarov “Azərbaycan Cümhuriyyəti ilə Osmanlı imperiyası arasında iqtisadi əlaqələr”, “Trabzon konfransında gizli müzakirələr və onların təfərrüatı” “Osmanlı-Azərbaycan hərbi ittifaqı müqavilə layihələri”, Aygün Əzimova “1917-1918-ci illərdə Bakıda gedən siyasi mübarizədə ingilis amili”, “1917-1918-ci illərdə Azərbaycanda gedən siyasi mübarizədə aqrar amilin rolu” və Şəhla Məmmədli “XX əsrin I yarısında qloballaşmanın iqtisadi-siyasi problemləri və Azərbaycan” və “Azərbaycan Respublikası ilə Polşa Respublikası arasında münasibətlərin siyasi-hüquqi əsaslarının yaranması” mövzuları üzərində tədqiqat aparırlar.

 

Xatırladaq ki, Polşadakı Azərbaycanşünaslıq Mərkəzi Varşava Universiteti, Azərbaycanın Polşadakı səfirliyi, AMEA-nın Tarix İnstitutu və Xarici İşlər Nazirliyinin nəzdindəki Azərbaycanın Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) birgə əməkdaşlığı çərçivəsində yaradılıb.



23.04.2020 | 13:28