Bakı Musiqi Akademiyasında onlayn elmi seminar

Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının (BMA) elmi-tədqiqat laboratoriyası onlayn rejimdə iclas və seminarlarını davam etdirir. Bu silsilədən daha bir elmi seminar keçirilib və musiqişünas-alimlər  professor Məmmədsaleh İsmayılovun elmi və pedaqoji fəaliyyətindən danışıblar.

 

Bu barədə “Azərbaycan müəlimi” qəzetinə BMA-nın doktorantı, bəstəkar İlahə İsrafilova məlumat verib. Onun sözlərinə görə, seminarda aparıcı elmi işçi, dosent Ariz Abduləliyev "Məmmədsaleh İsmayılovun elmi və pedaqoji fəaliyyəti" mövzusunda məruzə edib.

 

Məruzəçi  M. İsmayılovun elmi fəaliyyətini üç istiqamətdə-ənənəvi musiqiyə dair janr nəzəriyyəsi, onun tədqiqi və tədrisi istiqamətində təhlil  edib. Azərbaycan milli məqam nəzəriyyəsinə dair yeni tədqiqatar, məqam nəzəriyyəsinin inkişaf etdirilməsi, məqamların tədrisinə yeni metodikanın daxil olmasındakı rolundan danışan A.Abduləliyev musiqişünas alimin musiqi folklorşünaslığındakı fəaliyyəti üzərinə işıq salıb.

 

O, görkəmli alimin məqalələri, monoqrafiyaları, dərs vəsaiti, 1930-40-cı illərdə topladığı folklor materiallarının əlyazmaları haqqında da məlumat verib,  M. İsmayılovun istər ənənəvi musiqinin janrlarının öyrənilməsi, istər milli məqam nəzəriyyəsinin inkişafı və tədrisi istiqamətində elmi-nəzəri, elmi-metodik yeniliklərini göstərib, alim-pedaqoqun musiqişünaslığın və etnomusiqişünaslığın inkişafındakı rolundan da bəhs edib.

 

A.Abduləliyev deyib ki, professor M.İsmayılov uzun illər BMA-nın  "Azərbaycan xalq musiqisinin tarixi və nəzəriyyəsi" kafedrasına rəhbərlik edib. Ona görə də, onun elmi və pedaqoji fəaliyyəti hazırda "Azərbaycan ənənəvi musiqisi və müasir texnologiyalar" adlandırılan həmin kafedranın fəaliyyəti, elmi-tədris nailiyyətləri ilə sıx bağlı olacaq.

 

Seminarda BMA-nın elmi- tədqiqat laboratoriyasının əməkdaşları, elm və yaradıcılıq işləri üzrə prorektor, professor Gülnaz Abdullazadə də iştirak edib. Sonda seminar iştirakçılarının sualları cavablandırılıb.

 

İclasda növbəti elmi seminarların BMA-nın qarşıdan gələn 100 illik yubileyinə həsr olunması qərara alınıb.

 

Ruhiyyə

 

 



29.04.2020 | 15:35