“Qavaldaş” uşaq və gənclərin III Respublika və I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi

Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin təşəbbüsü ilə respublikada “Qavaldaş” zərb çalğı alətlərinin müxtəlif növlərinin ifası üzrə uşaq və gənclərin III Respublika və ilk dəfə olaraq I Beynəlxalq onlayn festival-müsabiqəsinin final mərhələsi keçirilib.

 

Festival-müsabiqənin keçirilməsində əsas məqsəd uşaq və gənclərin milli-mənəvi ruhda inkişafı, istedadlarının üzə çıxarılması, zərb çalğı alətlərinin müxtəlif növlərinin təbliği, xalqımızın mədəni irsinin qorunması, musiqi mədəniyyətinin inkişafının təmin edilməsi, nağara musiqi alətinin dünyada təbliği, bu sahədə gənc nəslin bilik və bacarıqlarının artırılmasından ibarətdir.

 

Üç günlük festival-müsabiqənin iştirakçılarına peşəkar müəllimlər tərəfindən onlayn ustad dərsləri keçirilib.

 

Müsabiqənin final mərhələsində Azərbaycanın rayonlarını və Bakı şəhərini, eyni zamanda Türkiyə, Malayziya, Rusiya, Belarus, Ukrayna, Özbəkistan, Qazaxıstan və Tacikistanı təmsil edən zərb çalğı alətləri  ifaçıları cıxış ediblər. Üç yaş qrupunda iki nominasiya üzrə 150 nəfərədək uşaq və gənc solo ifaları ilə milli zərb alətlərinin (nağara, qoşa nağara, doyra, baraban, litavra, tambur, djembe, kahon, darbuka, ksilofon) əsrarəngiz ritmlərini ustalıqla nümayiş etdiriblər.

Festival iştirakçıları və münsiflər heyəti bu müsabiqənin dünyada ilk olduğunu bildiriblər.

 

Sonda beynəlxalq münsiflər heyəti tərəfindən müsabiqənin qalibləri müəyyənləşdirilib, nağara nominasiyası üzrə Sadiq Həvəskari  (Bakı, Azərbaycan) “Qran-pri” mükafatına, zərb çalğı alətləri nominasiyası üzrə isə Samuqjanov Nurilloh (Daşkənd, Özbəkistan) “Qran-pri” mükafatına layiq görülüb.

 

Müsabiqənin yaş kateqoriyaları üzrə digər qaliblərinin də yerləri məlum olub  və onlar  diplom və kubokla, digər bütün iştirakçılar isə sertifikatlarla təltif olunublar.

 

Qeyd edək ki, bu il Təhsil Nazirliyi Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi tərəfindən Beynəlxalq onlayn müsabiqə üçün Mükafat Fondu yaradılıb və I maliyyə dəstəyi “Zeytun bağları” tərəfindən təsis edilib. Qaliblərə hər Qran- pri üçün  1000 manat mükafat və hər bir nominasiya üçün ayrılıqda I yer 300 manat, II yer 200 manat, III yer üçün 100 manat mükafat verilib.

 



04.05.2020 | 15:20