Azərbaycan və Türkiyə universitetləri arasında "Virtual Hackathon - 2020" müsabiqəsinin qalibləri

Koronavirus pandemiyası ilə mübarizə məqsədilə texnoloji həlləri bir araya gətirmək üçün Azərbaycan və Türkiyə universitetləri arasında keçirilən "Virtual Hackathon - 2020" müsabiqəsi başa çatıb.

 

AzTU-dan bildirilib ki, "Biz birlikdə güclüyük" adlı müsabiqə Azərbaycan Texniki Universiteti (AzTU) ilə Türkiyənin OSTİM Texniki Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi və Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tərəfdaşlığı ilə keçirilib.

 

Komandalar 48 saat ərzində  Slak və ZOOM proqramlarından istifadə etməklə bir araya gələrək, müzakirələr aparıb və mentorların dəstəyindən faydalanıblar. Müsabiqədə əsasən səhiyyə, təhsil, əyləncə və sosial mövzu sahəsində olan ideyalar təqdim olunub.

 

Komandaların təqdimatları bitdikdən sonra qaliblər “Virtual Hackathon-2020” müsabiqəsinin facebook səhifəsində canlı yayımda elan olunub.

 

Müsabiqənin nəticələrinə əsasən, birinci yerə OSTİM Texniki Universitetinin komandasının hazırladığı  “CoroWarner” proqramı layiq görülüb. “CoroWarner”  pandemiya zamanı insanların və təşkilatların bir-birinə kömək etməsi üçün məlumatlandırıcı funksiya daşıyacaq.

 

İkinci yerə AzTU komandasının hazırladığı "Kondor" dronu layiq görülüb. “Kondor” infeksiyanın yayıldığı dövrdə əhalinin temperaturunun alternetiv enerji ilə işləyən cihazlar vasitəsilə ölçülməsi, tibbi ləvazimatların təhlükəsiz çatdırılması, ərazilərin və kənd təsərrüfatı sahələrinin dərmanlanması üçün nəzərdə tutulub.

 

Üçüncü yerə Azərbaycan-Fransız Universitetinin hazırladığı (UFAZ) “Acedmy Azərbaycan” və Lənkəran Dövlət Universitetinin  ideyası olan “Relive” platformaları layiq görülüb.

 

Müsabiqədə Mingəçevir Dövlət Universitetinin (MDU) “Danışan ixtisas” portalı fərlənən layihə olaraq dördüncü yerə layiq görülüb. “Danışan ixtisas”portalında tələbələr ixtisas fənlərini oxumaqla yanaşı, bədii qiraətlə də məşğul ola biləcək. Portal elektron kitabxana funksiyasını yerinə yetirəcək.

 

Qeyd edək ki, qalib komandaların hər birinə "INNOLAND" İnkubasiya və Akselerasiya Mərkəzi tərəfindən 3 aylıq İnkubasiya xidməti veriləcək. Həmçinin müxtəlif hədiyyələr təqdim olunacaq.  “CoroWarner” və “Kondor” layihəsinin prototipi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə hazırlanacaq.

 



06.05.2020 | 11:31