UNEC-in 90 illik yubiley tədbirləri onlayn davam etdirilir

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) rektoru, professor Ədalət Muradov ali məktəbin prorektorları ilə onlayn görüş keçirib.

 

UNEC-dən verilən məlumata görə, görüşdə distant dərslərin evdən təşkilinin mövcud durumu, dərslərin keyfiyyəti, tələbələrin dərsə davamiyyəti, qaynar xəttə daxil olan müraciətlər, onların  cavablandırılması, müəllimlərin dərslərdə iştirakı və digər məsələlər müzakirə olunub.

 

Bildirilib ki, distant dərslərin evdən təşkili ilə bağlı bütün texniki imkanlar yaradılıb, yaranan problemlərin isə operatif şəkildə aradan qaldırılması məqsədilə texniki servis xidməti göstərilir. Tələbələrin dərslərdə davamiyyətinin yüksəldiyi, dərslərdə daha aktiv iştirak etdiyi, distant dərslərin videoyazılarının şəxsi kabinetlərə göndərildiyi qeyd olunub. Facebook qaynar xəttinə daxil olan müraciətlərin fakültə katiblikləri və müvafiq qurumlar tərəfindən cavablandırıldığı və həlli istiqamətində tədbirlərin görüldüyü də bildirilib.

 

İclasda, həmçinin UNEC-in 90 illik yubileyi ilə əlaqədar təsdiqlənən Tədbirlər Planı çərçivəsində görülən işlərdən də bəhs olunub. Bildirilib ki, fevral ayından başlanan yubiley tədbirləri hazırda karantin rejiminə uyğun olaraq uğurla davam etdirilir. 

 

 



07.05.2020 | 12:22