"Həmrəylik və mərhəmət bəşəriyyətin nicat yoludur" müsabiqəsinin qalibləri müəyyənləşib

Azərbaycan Texniki Universiteti (AzTU) ilə Gəncə Dövlət Universitetinin (GDU) xüsusi karantin günlərində "Həmrəylik və mərhəmət bəşəriyyətin nicat yoludur" mövzusunda keçirdikləri inşa müsabiqəsi başa çatıb.

 

AzTU-dan bildirilib ki, müsabiqənin şərtlərinə görə, hər universitetdən  üç qalib seçilib.

 

Yazılarda koronavirus pandemiyası dövründə ailələrdə yaranan problemlər və həlli yollarını göstərmək, həmçinin karantin rejimində ailə üzvlərinin gərginlik, qorxu, həyəcan hissindən uzaq olması üçün münasibətlərin tənzimlənməsi formalarının qeyd edilməsi tələb olunub.

 

Təqdim edilən inşalar mövzunun əhatəlilik dərəcəsi, müəllifin yazıya yaradıcı münasibəti, bədii üslubun tələblərinə əməl olunması və s. nüanslar nəzərə alınmaqla qiymətləndirilib.

 

Müsabiqənin nəticələrinə əsasən, AzTU-nun nəqliyyat və loqistika fakültəsinin I kurs magistrantı Günel Nağıyeva 1-ci, iqtisadiyyat və idarəetmə fakültəsinin III kurs tələbəsi Rüfət Hüseynli 2-ci, energetika, elektrotexnika və avtomatika fakültəsinin I kurs tələbəsi Qəzənfər Həsənov 3-cü yerə layiq görülüb.

 

GDU-nun filologiya fakültəsinin III kurs tələbəsi Lamiyə Verdiyeva 1-ci, riyaziyyat-informatika fakültəsinin III kurs tələbəsi Səbinə Qəhrəmanova 2-ci, tarix-coğrafiya fakültəsinin III kurs tələbəsi Arif Əsgərzadə isə 3-cü yerə layiq görülüb.

 

 



07.05.2020 | 13:34