Klaus Şvabın “Dördüncü Sənaye İnqilabı” adlı məşhur əsəri Azərbaycan dilində

Məlum olduğu kimi, Dünya İqtisadi Forumunun Davosda keçirilən sonuncu zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyevlə Forumun Prezidenti Borge Brende arasında Dördüncü Sənaye İnqilabı üzrə Bakıda regional mərkəzin yaradılması haqqında Niyyət Protokolu imzalanıb.

 

Bu baxımdan xüsusi əhəmiyyəti nəzərə alınaraq, Dünya İqtisadi Forumunun qurucusu və icraçı sədri, professor Klaus Şvabın “Dördüncü Sənaye İnqilabı” adlı məşhur əsəri UNEC (Azərbaycan Dövlət İqtisad Universiteti) alimləri tərəfindən Azərbaycan dilinə tərcümə olunaraq nəşr edilib.

 

UNEC-dən bildirilib ki, Klaus Şvabın bu əsəri süni intellekt, robotlar, əşyaların interneti, avtonom maşınlar, üçölçülü printerlər, nanotexnologiya, biotexnologiya, kvant hesablamaları kimi yeni texnoloji sıçrayışlara əsaslanan Dördüncü Sənaye İnqilabının nə olduğu, hansı yenilikləri gətirəcəyi, necə təsir göstərəcəyi və onu ümumi faydalara çevirmək üçün nələr edilə biləcəyi haqqındadır.

 

Müəllif, əsərini gələcəyə maraq göstərənlər, dünyanı daha yaxşı bir vəziyyətə gətirmək naminə özlərini bu inqilabi dəyişikliyin yaratdığı fürsətlərdən istifadəyə həsr edən insanlar üçün yazdığını qeyd edir. Bu baxımdan, əsərdə yeni texnoloji inqilabın əsas xüsusiyyətləri təsvir olunur, yaratdığı imkanlar və dilemmalar vurğulanır, ən əhəmiyyətlisi, Dördüncü Sənaye İnqilabının insanlığın nəzarətində baş verməsinin yolları araşdırılır.

 

İngilis dilində yazılan əsər, indiyə qədər 15-dən çox dildə, o cümlədən də Çin, alman, fransız, ispan, portuqal, italyan, rus, türk və ərəb dillərində nəşr edilib. Kitabın Azərbaycan dilində nəşri Dünya İqtisadi Forumu ilə UNEC arasında imzalanmış müvafiq müqavilə əsasında həyata keçirilib. Müqaviləyə əsasən, əsərin Azərbaycan dilinə tərcüməsi və nəşri üzrə müstəsna hüquqlar Dünya İqtisadi Forumu tərəfindən UNEC-ə verilib. Kitab UNEC tərəfindən sosial məsuliyyətlilik prinsipi əsasında 1000 ədəd tirajla nəşr edilib və onun müvafiq qurumlara, o cümlədən universitet, kitabxana və tədqiqat mərkəzlərinə paylanılması nəzərdə tutulub.

 

 



11.05.2020 | 11:35