BDU professorunun əsərləri Dövlət Mükafatına təqdim edilib

Bakı Dövlət Universitetinin (BDU) geologiya fakültəsinin faydalı qazıntılar kafedrasının müdiri, "Yer ehtiyatlarının aerokosmik tədqiqatları" ETL-in elmi rəhbəri, geologiya-minerologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi, akademik Vasif Babazadə və həmin kafedranın dosenti Şəhla Abdullayevanın Azərbaycanın mineral xammal resurslarının kompleks tədqiqinə həsr olunmuş silsilə əsərləri (8 monoqrafiya, 2 kosmotektonik xəritə) Elm sahəsi üzrə 2020-ci ilin Dövlət Mükafatına təqdim edilib.

 

BDU-dan bildirilib ki, təqdim olunan monoqrafiyalar və kosmotektonik xəritələrdə filiz faydalı qazıntı yataqlarının yerləşmə, əmələgəlmə qanunauyğunluqlarının müəyyənləşdirilməsi və proqnozlaşdırılmasının elmi əsasları, fundamental-praktiki əhəmiyyət daşıyan nəticələri öz əksini tapıb.

 

Respublika üçün prioritet əhəmiyyət daşıyan müxtəlif növ mineral xammal növlərindən səmərəli istifadə yolları haqqında fikirlər irəli sürülüb. Azərbaycanın müxtəlif bölgələrində yerləşən qızıl yataqlarının öyrənilməsi, bu günün və gələcəyin iqtisadi konyukturasından asılı olaraq onların istismara cəlb edilməsi, ümumilikdə geoloji-iqtisadi qiymətləndirmənin aparılması və qızılçıxarma sənayesi kimi yeni dağ-mədən infrastrukturunun yaradılması məsələlərinə geniş yer verilib.

 

Aparılan tədqiqat işlərində müəlliflər Azərbaycan ərazisinin geoloji quruluşu, faydalı qazıntı növlərinin əmələ gəlməsi, yayılması, yerləşmə dərinlikləri və istismara dəyərliliyi haqqında çöl tədqiqatları ilə təcrübədən keçirilmiş və əsaslandırılmış elmi təkliflər irəli sürüb.

 



12.05.2020 | 11:15