Əbdürrəhim bəy Haqverdiyevə həsr olunan elmi konfrans

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsində Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının 150 illiyinə həsr edilən  onlayn elmi konfrans keçirilib.

 

Bölmənin sədri, akademik İsmayıl Hacıyev Prezident İlham Əliyevin “Əbdürrəhim bəy Haqverdiyevin 150 illik yubileyinin qeyd edilməsi haqqında” olan sərəncamının əhəmiyyətindən bəhs edib. O, görkəmli yazıçının həyat və fəaliyyətinə nəzər salaraq bildirib ki, Ə. Haqverdiyev həm bədii yaradıcılığı, elmi-nəzəri məqalələri, həm də tərcümə əsərləri ilə ədəbiyyat xəzinəmizin zənginləşməsində böyük xidmətlər göstərib. Qeyd olunub ki, bədii nəsr sahəsində digər tanınmış ədiblərimizlə yanaşı, realist nəsrin ənənələrini davam etdirən Ə. Haqverdiyev orijinal, özünəməxsus üslubu ilə bir sıra əsərlər qələmə alıb. O, yaradıcılığı dövründə pyes, hekayə, məqalə və xatirə, teatr səhnəsi üçün maraqlı dram əsərləri yazıb; rus və dünya ədəbiyyatından tərcümələr edib. 

 

İ.Hacıyev bildirib ki, adıçəkilən yazıçının adının YUNESKO-nun 2020-2021-ci illər üçün görkəmli şəxslərin və əlamətdar hadisələrin yubileyləri siyahısına daxil edilməsi Ə.Haqverdiyev  yaradıcılığına verilən böyük dəyərdi.

 

Onlayn konfransda yazıçının ədəbi-bədii yaradıcılığı ilə yanaşı, onun mədəni-ictimai fəaliyyətindən, milli təfəkkürün oyanışında misilsiz xidmətlərindən də söz açılıb. Qeyd olunub ki, ədibin zəngin yaradıcılıq fəaliyyəti bundan sonra da öyrəniləcək.

 

Daha sonra Bölmə alimlərinin Ə.Haqverdiyevin həyat və yaradıcılığı mövzusunda  məruzələri dinlənilib.

 



15.05.2020 | 14:26