"Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər"

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Quba filialı hazırda dünyanın əksər ölkələrində ali təhsilin onlayn formada həyata keçirilməsini nəzərə alaraq, bu sahədə qarşılıqlı təcrübələrin öyrənilməsinə böyük ehtiyac olduğundan "Pandemiya şəraitində onlayn təhsil: reallıqlar və perspektivlər" mövzusunda beynəlxalq seminara ev sahibliyi edib.

 

"Zoom" proqramı platforması üzərindən təşkil edilən Beynəlxalq onlayn seminarda Almaniyanın Rostok, Türkiyənin Ankara və Qazi universitetləri, Amerikanın San Diego Dövlət Universitetinin Gürcüstan bölümü, Qırğızıstanın Qırğızıstan Təhsil Akademiyası, Şimali Kipr Türk Cümhuriyyətinin Girne Amerikan Üniversiteti, ADPU, Azərbaycan Texniki Universitetinin (AzTU) təhsil sahəsində tanınmış məruzəçiləri və Naxçıvan Müəllimlər İnstitutu, Bakı Dövlət Universitetinin Qazax filialı, ADPU-nun filiallarının nümayəndələri iştirak ediblər.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, bu konfrans Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 97-ci ildönümünə həsr edilib. “Biz təhsil ictimaiyyəti olaraq onlayn konfranslar vasitəsilə ünsiyyət qurur, təcrübə bölüşürük. Son dövrdə fərqli sürətlə onlayn təhsilə dair müəyyən uğurlar və nəticələr əldə etməyi bacardıq. Pandemiya şəraitində dövlətin müvafiq qərarına uyğun olaraq, tədrisin təşkilinin bir neçə tərəfini düşünərək müxtəlif addımlar atırıq. Bu gün onlayn təhsilin üstünlüyü ondadır ki, harada olmağımızdan asılı olmayaraq, istənilən şəraitdə müasir texnologiyaların köməyilə təhsil verə bilirik. Məkandan və zamandan asılı olmayan təhsilin qəbul edilməsi artıq müzakirə edilməyəcək bir mövzudur”-deyə rektor qeyd edib.  

 

Seminarda  alimlərdən- Nevzat Özel “Distant təhsilə keçid prosesi”,  Halil Güven "Gürcustan kampusunda rəqəmsal (onlayn) təhsil tətbiqləri",  Cavid Səfərov “Normal və onlayn texniki təlim arasındakı fərqlər və üstünlüklər”,  Saleh Şahin “Coğrafi perspektiv COVİD-19 pandemik prosesin təhlili və təhsil yansımaları”, Mehmet Ali Dombaycı “Distant təhsil və bacarıqlı düşünmə bacarığı”,  Zəkay Şayev “Azərbaycan Texniki Universitetində onlayn təhsilin vəziyyəti”, Saleh Dəmir “Onlayn qiymətləndirmə metodları”,  Leyla Ercan “Pandemiya prosesində tələbə psixi sağlamlığına distant təhsil ilə yansımalar”,  Çələbi Uluyol “Pandemiya prosesində distant təhsildə təcrübə nümunələri və problemləri”, Orxan Hasanoğu “COVID-19 beynəlxalq problem kimi təhsilin qloballaşması yolunda”,  Ulanbek Mambetakunov “Karantin vaxtı uzaq kollektorun yoldaşı idi (Qırğızıstan nümunəsi)”, Süleyman Aksu “Tələbə üçün pandemiya prosesində tətbiq olunan distant təhsil sisteminin qiymətləndirilməsi” mövzularında məruzə ilə çıxış ediblər.

 

Məruzəçilər  onlayn dərslərin təşkili, məhdudiyyətlərə baxmayaraq, məsafədən təhsilin üstünlükləri, onlayn tədrisin qurulması üçün istifadə edilən yeni platforma və texnologiyalar, onlayn imtahan prosesində qarşıya çıxacaq problemlər və onların həlli yolları haqqında təhsil təcrübələrini bölüşüb, bildiriblər  ki, onlayn təhsil müasir dövrdə ən böyük inqilab olmalıdır. Çünki bu, sistemdə olduqca böyük bir dəyişiklik edir və  öyrənmək istəyən hər kəs üçün geniş imkanlar açır.

 

Məruzələr bitdikdən sonra AzTU-nun  elm və texnika üzrə prorektoru İlham Pirməmmədov, Naxçıvan Müəllimlər İnstitutunun ixtisasartırma və yenidən hazırlanma üzrə prorektoru Çapay Quliyev çıxış edərək, seminarı Azərbaycanda ali təhsilin onlayn təşkilində və onlayn imtahanların keçirilməsi sahəsində beynəlxalq təcrübənin öyrənilməsi baxımından önəmli sayıblar.

 

Sonda ADPU-nun tədris işləri üzrə prorektoru, seminarın moderatoru  Eldar Aslanov irəli sürülən fikirlərə, paylaşılan təcrübələrə görə məruzəçilərə, seminarın təşkilinə görə isə  Quba filialının direktoru, dosent Yusif Alıyevə təşəkkürünü bildirib.

 



15.05.2020 | 13:56