Azərbaycan dili fənninin tədrisində müasir təlim texnologiyaları

Müasir təlimin əsas vəzifəsi demokratik ruhlu, müstəqil düşüncəli, yüksək  bilik və bacarıqlara yiyələnmiş gənc nəslin tərbiyə  olunmasıdır. Bunun üçün tədris prosesində yeni təlim texnologiyalarından istifadə zəruridir. Bu gün təlimdə yeni texnologiyalardan istifadə etməklə təhsilin keyfiyyətinin yüksəldilməsi hər bir müəllimin arzusudur və hər birimiz buna çalışırıq. 

Fəal təlimə əsaslanan müasir  dərsin mahiyyətini düşünmə, öyrənmə və danışma təşkil edir. Metodik ədəbiyyatlarda müasir dərsin strukturu 7 mərhələdən (motivasiya, problemin qoyuluşu, tədqiqatın aparılması, informasiya mübadiləsi, informasiyanın müzakirəsi, nəticə və ümumiləşdirmə,  yaradıcı tətbiqetmə,  qiymətləndirmə) ibarət göstərilsə də, əslində bu 3 mərhələni özündə ehtiva edir: öyrənmə, tətbiqetmə, dəyərləndirmə. Göründüyü kimi, 45 dəqiqəlik dərsin bütün mərhələlərində şagird fəaliyyətdədir. Bu zaman o, həm yazılı, həm də şifahi fəaliyyət göstərir.

Hər bir fənn üzrə proqramda (kurikulumda) fənnin xarakterinə uyğun  fəaliyyət xətləri verilmişdir. Azərbaycan dili fənn proqramında (kurikulumunda) aşağıdakı fəaliyyət xətləri nəzərdə tutulmuşdur.

- Problemin həlli;

- Mühakiməyürütmə və əsaslandırma;

- Ünsiyyət;

- Tədqiqetmə;

- Tətbiqetmə.

Qeyd edilən fəaliyyətlər məzmun standartlarında öz əksini tapır.

Məzmun standartlarının gerçəkləşdirilməsi zamanı şagird araşdırır, mühakimə yürüdür, münasibət bildirir, fikirlərini əsaslandırır, öyrəndiklərini tətbiq edir və bütün bu fəaliyyətlər həm yazılı, həm də şifahi formada yerinə yetirilir.

Müəllim təlim prosesində müzakirə, rollu oyun, ziq-zaq, karusel, klaster, plan tərtibi, dinlənilmiş mətnlərin şifahi təhlili, dinləmə materialları üzrə müsahibə  və s. üsullardan istifadə etməklə şagirdləri axtarışa, problemi həll etməyə sövq edə bilər.

Mən də bir ibtidai sinif müəllimi kimi təhsilimizdəki yenilikləri, yeni təlim texnologiyalarını, kurikulumun tələblərinə cavab verən meyarları öz fəaliyyətimdə tətbiq etməyə səy göstərirəm. İnteraktiv təlim metodlarının, fənn kurikulumlarının tətbiqi ilə bağlı keçirilmiş bir çox kursların dinləyicisi olmuşam.

Öyrəndiyim  bu yeniliklərdən daim dərslərimdə istifadə edirəm. İş təcrübəmə əsasən deyə bilərəm ki, istifadə etdiyim yeni metodlar şagirdlərdə idrak fəaliyyətinin, müstəqil mütaliə qabiliyyətinin, hər hansı hadisəyə tənqidi yanaşa  bilmək kimi müsbət cəhətlərin inkişafına stimul verir. Fəal təlim metodları ilə aparılan dərslərin şagirdlərin sevincinə, marağına səbəb olduğunun şahidiyəm.

Mən müəllim-şagird münasibətlərinin düzgün qurulmasına da xüsusi diqqət verirəm. Çünki bu münasibətlərin şagirdlərin təhsilə marağının artırılmasında, tədris olunan   fənlərin sevdirilməsində mühüm əhəmiyyəti vardır. Pedaqoji fəaliiyyətin belə əməkdaşlıq əsasında qurulması hər bir şagirdin intellektual imkanlarını, meyil və maraqlarını daha düzgün aşkara çıxarmağa imkan verir. Həmçinin mən hər bir şagirdin nə ilə maraqlandığını öyrənir, onun qabiliyyətinin, istedadının  düzgün istiqamətləndirilməsinə, eyni zamanda inkişaf etdirilməsinə kömək etməyə çalışıram. Bu cür münasibət uşaqda özünə inam hissi yaradır. Şagird öz bacarığını, nəyə qadir olduğunu ürəklə nümayiş etdirməyə çalışır.

Təlimdə keyfiyyət əldə etmək üçün şagirdlərin psixoloji xüsusiyyətlərini dərindən bilmək xüsusilə vacibdir. Doğrudan da, düzgün qurulmuş müəllim-şagird münasibətləri şagirdlərin təlim marağının artırılmasında mühüm vasitədir. Qarşılıqlı ünsiyyət şagirlərin fəallığına, kollektiv şəkildə işləmələrinə istiqamət verir, şərait yaradır. Şagirdlərə bu cür yanaşma onların qrup işi zamanı da səmərəli əməkdaşlıq etməsinə müsbət təsir göstərir.

Müasir tədris zamanı texniki vasitələrdən istifadə təlimin məzmununu daha da zənginləşdirir. Belə ki, kompüterdə  Microsoft  Power Point,  Microsoft Word, Activİnspire, Bandicam  proqramlarından istifadə etməklə rəngarəng dərs nümunələri hazırlamaq mümkündür. Bu cür qurulmuş dərslər şagirdlər tərəfindən maraqla qarşılanır və asan mənimsənilir.

Fəal təlimdə dərs motivasiya ilə başlanır. Hər bir dərsdə qoyulan  motivasiya şagirddə maraq oyatmaqla bərabər, onu düşündürür, idrak qabiliyyətini yüksəldir, daha fəal olmağa  sövq edir.

Məsələn, mən “K” səsi və hərfi” mövzusunu keçərkən lövhədə kartof, traktor, park şəkillərini nümayiş etdirirəm. Hər şəklin altında yazılan adındakı “K” hərfi qırmızı rənglə işarə olunur. Belədə şagirdlər “qırmızı rənglə verilmiş hərflər necə səslənir” sualına asanlıqla cavab verirlər.

Tədqiqatın aparılması zamanı müxtəlif iş formalarından istifadə edirəm. Qrupla iş zamanı onları adlandırmaq üçün həndəsi fiqurlar, rəngli kağızlar, müxtəlif  şəkillər, çiçəklər və s. vasitələr seçmək olar. Qrupların yaranmasında istifadə olunan vasitələrin mövzuya uyğun seçilməsi daha yaxşı olar.

Hər qrupa verdiyim tapşırıqların maraqlı, rəngarəng olmasına çalışıram. Bu çox vacibdir.  Qrup işinin əhəmiyyəti odur ki, lövhə qarşısında öz fikrini deməyə utanan və ya cəsarət etməyən şagird, yoldaşları ilə birləşib aydın qərar çıxarır və cəsarətli olur.

Tədqiqatın aparılması zamanı vaxt təyin edirəm və zaman ölçüsü kimi müxtəlif  vasitələrdən - müxtəlif  saat növlərindən, usaq musiqilərindən istifadə edirəm. Vaxtın qoyulması şagirdlərdə məsuliyyət yaratmaqla bərabər, onları vaxtdan səmərəli istifadəyə istiqamətləndirir.

Məlumat mubadiləsi zamanı qrup lideri məlumat verir. Hər qrupun verdiyi məlumat bütün qrup üzvlərinin geniş məlumatlandırılmasına səbəb olur. Onların yaddaşına yeni məlumat daxil olur. Hətta bu zaman şagirdlər yoldaşlarının səhv fikirlərini düzəltməklə yeni fikrə gəlirlər.

Qrupların  təqdimatından sonra belə bir cədvəllə qalib olan qrupu göstərmək də maraqlı olar.

 

 

“Bandicam” proqramının vasitəsilə internetdən cizgi filmini köçürüb uşaqlara nümayiş etdirmək də məqsədəuyğundur.

Qiymətləndirmə  isə tapşırıqları soruşarkən və ya dərsin sonunda aparılır.

 

 

Dərslərdə İKT-nin imkanlarından, xüsusilə də interaktiv lövhədən  geniş istifadə olunması  tədris prosesini daha da yaddaqalan, maraqlı etməklə yanaşı, təhsilin keyfiyyətinin  yüksəlməsinə, sərbəst  işlərin çoxalmasına, öyrənməyə marağın artmasına zəmin yaradır.

İnteraktiv lövhə ilə iş zamanı şagirdlərin onun imkanlarına olan ilk reaksiyası onlarda  özünü aydın büruzə verən coşğunluğun, ruh yüksəkliyinin yaranmasıdır. Bir toxunuşda lövhədə baş verən dəyişikliklərin  belə effektli olması dərsə olan həvəsi birə-beş artırır.

Sonda demək istəyirəm ki, əgər müəllim şagirdlərini sevmirsə, onlara bağlı deyilsə, nə müəllim, nə də şagirdlər uğur qazana bilməz. Müəllim şagirdlərini ürəkdən sevəndə onların arasında  gözəgörünməz  bir bağlılıq yaranır. Bu bağlılıq isə onları uğura aparır.  

 

Sevinc AXUNDOVA,

Salyan şəhəri Yusif Qasımov adına 4 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi 



23.02.2018 | 09:30