Azərbaycan və İran alimlərinin onlayn görüşü

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Coğrafiya İnstitutu ilə İranın Təbriz Universiteti arasında imzalanmış  əməkdaşlıq memorandumuna əsasən, tərəflər arasında onlayn görüş keçirilib.

 

Tanışlıq məqsədi daşıyan distant görüşdə tərəflər qarşılıqlı olaraq elmi müəssisələrin tarixi, fəaliyyət istiqamətləri, son illərdə qazanılan  nailiyyətlər, gələcək planlar, eləcə də COVİD-19 koronovirus epidemiyası ilə əlaqədar elan edilmiş karantin dövründə əməkdaşların öz fəaliyyətlərini mövcud şəraitə necə uyqunlaşdırmaları  haqqında məlumatları bölüşüblər.

 

Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov bildirib ki, qlobal iqlim dəyişmələri, su çatışmazlığı, ərazilərdə təbii-təsərrüfat sistemlərinin təşkili və idarə olunması, ətraf mühitin mühafizəsi, ekologiya, landşaft planlaşdırılması, CİS texnologiyalarının tətbiqi, Xəzər dənizinin tədqiqi və s. məsələlər qurumun prioritet mövzularıdır.

 

İnstitutun Dovlət proqramlarının hazırlanması və yerinə yetirilməsindəki rolundan bəhs edən direktor  əməkdaşların  son aylar hazırladıqları Azərbaycanın irimiqyaslı rəqəmsal ekoloji risklər xəritəsi və sutka ərzində azı bir dəfə təzələnən dünya ölkələri, həmçinin Azərbaycan üzrə pandemiya haqqında məlumatların əks olunduğu “COVİD-19: Azərbaycanın real zamanlı monitorinq sistemi”nin tətbiqi haqqında xüsusi olaraq məlumat verib.

 

Elmi işlər üzrə direktor  müavini, dosent  Məhərrəm Həsənov Azərbaycanda iqlim və aqroiqlim sahəsindəki tədqiqatlardan, iqlim dəyişmələrinin kənd təsərrüfatına təsirindən söhbət açıb.    

 

İqlim dəyişmələri, coğrafi informasiya sistemləri, landşaft planlaşdırılması, ətraf mühit mühafizəsi və s. sahələrin Təbriz  Universitetində geniş tədqiq edildiyini bildirən iranlı alimlər bu sahədə əldə etdikləri nailiyyətlərdən danışıblar. Qeyd olunub ki,  İranın ikinci ən böyük təhsil müəssisəsi olan Təbriz Universitetində tələbələr üçün hər cür şərait yaradılıb. Onlar təhsil almaqla yanaşı, elmlə kommersiyanı birləşdirərək elmi tədqiqatlarını da inkişaf etdirirlər.

 

Akademik R.Məmmədov və Təbriz Universiteti Planlaşdırma və ətraf mühit departamentinin rəhbəri, professor Behruz Sari Sarraf  yaxın günlərdə konkret mövzu ətrafında onlayn şəkildə keçiriləcək müştərək elmi seminardan  danışıb və bu seminarın qarşılıqlı əlaqələrin, elmin inkişafı  istiqamətində müsbət nəticələr verəcəyini qeyd ediblər. Tədbirin iqlim dəyişikliklərinin yaratdığı fəsadların öyrənilməsi mövzusuna həsr edilməsi hər iki elmi müəssisə tərəfindən razılıqla qarşılanıb.



19.05.2020 | 11:38