Beynəlxalq rəsm müsabiqəsinə start verilir

Təhsil Nazirliyi 1 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin təşkilatçılığı ilə cari ilin 19 may-15 iyun tarixlərini əhatə edən "Mənim milli adət-ənənələrim" adlı beynəlxalq onlayn rəsm müsabiqəsinə start verilir.

 

Müsabiqənin keçirilməsində məqsəd müxtəlif xalqların adət-ənənələri, tarix və mədəniyyəti, məişəti, zəngin mədəni irsinin öyrənilməsi, uşaq və gənclər arasında dostluq münasibətlərinin yaradılması, həmçinin istedadlı uşaqları üzə çıxarmaqla onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.

 

Mövcud pandemiya ilə əlaqədar onlayn platformada təşkil olunan müsabiqənin 3 yaş qrupu (6-11,11-14,14-17) üzrə keçirilməsi nəzərdə tutulub. Sözügedən müsabiqədə iştirakçılar hər yaş qrupu üzrə yalnız 1 iş təqdim edə bilərlər.  "Mənim milli adət-ənənələrim" adlı beynəlxalq onlayn rəsm müsabiqəsində iştirak etmək istəyənlər ərizə formasını iyunun 14-dək 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin elektron poçt ünvanına ([email protected]) göndərməlidirlər.

 

Hər yaş qrupu üzrə qaliblər müsabiqənin Təşkilat Komitəsinin seçdiyi münsiflər heyəti tərəfindən müəyyən ediləcək və 1 nömrəli Uşaq-Gənclər İnkişaf Mərkəzinin diplomları ilə təltif olunacaqlar. Həmçinin qalib işlər sosial şəbəkələrdə və digər media qurumlarında geniş işıqlandırılacaq.

 

Qeyd edək ki, yeni koronavirus (COVİD-19) infeksiyası ilə bağlı tətbiq edilən karantin rejimi ilə əlaqədar onlayn platformada keçirilən beynəlxalq rəsm müsabiqəsində Azərbaycanla yanaşı Türkiyə, Rusiya, Gürcüstan, Qazaxıstan və digər xarici ölkələrdən də məktəblilər iştirak edəcək.

 

 



19.05.2020 | 15:50