Məzunlar attestatlarını elektron formada alacaqlar

Özbəkistanda builki məzunlar ümumtəhsil məktəblərini bitirmələri haqqında attestatlarını  elektron formatda alacaqlar. Bu barədə Özbəkistan Xalq Təhsil Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

 

"Cari vəziyyətdən çıxış edərək, 2019-2020-ci tədris ilində orta ümumtəhsil müəssisələrinin məzunlarına dövlət nümunəli attestatlar (şəhadətnamələr) elektron formada (skaner) təqdim olunacaq", - deyə mətbuat xidməti bildirir.

 

Nazirliyin mətbuat katibi Ənvər Umarovun sözlərinə görə,  bu qərar koronavirus infeksiyasının yayılmasının qarşısını almaq və təhsil müəssisələrində sanitar-epidemioloji nəzarətin təmin edilməsi üçün qəbul edilib. Sənədlərin orijinalı məktəblərdə saxlanacaq, məzunlar karantin bitəndən sonra  onları əldə edə biləcəklər.

 

Qeyd olunub ki,   ölkənin ali məktəblərinə qəbul imtahanları yalnız iki profilli fənn üzrə və bütün zəruri sanitar-profilaktik normalara riayət edilməklə əyani şəkildə keçiriləcək.

 

Məlumat üçün bildirək ki,  2020-ci ildən qəbul imtahanlarının 5 fənn üzrə - üç məcburi və iki profil üzrə keçirilməsi planlaşdırılırdı. Lakin karantin rejimi  bu cür imtahan formatına tam hazırlaşmaq üçün imkanları məhdudlaşdırıb.

 

Oruc MUSTAFAYEV



20.05.2020 | 13:47