Naxçıvan Dövlət Universitetində növbəti laborator təcrübə

Naxçıvan Dövlət Universiteti (NDU) fizika-riyaziyyat fakültəsinin fizika laboratoriyasında onlayn təcrübələr aparılıb.

 

NDU-dan verilən məlumata görə, ümumi və nəzəri fizika kafedrasının müdiri, dosent Fərman Qocayev laboratoriyanın mövcud imkanlarını dəyərləndirib, aparılan təcrübələrin əhəmiyyətini qeyd edib. Bildirib ki, təqdim edilən laboratoriya işlərinin ikisi mexanikaya, biri isə elektrik maqnetizminə aiddir.

 

Mexanikaya aid olan ilk işi ümumi nəzəri və fizika kafedrasının dosenti Aygün Sultanova aparıb. Təcrübədə riyazi rəqqas vasitəsilə sərbəstdüşmə təcili təyin edilib. Təcilin hansı parametrlərdən asılı olması haqda geniş məlumat verilib, sərbəstdüşmə təcilinin orta qiyməti təcrübi olaraq təyin edilib.

 

Həmin kafedranın laboratoriya müdiri Xuraman Məmmədovanın apardığı ikinci təcrübədə Artvud maşını vasitəsilə Nyutonun II qanunu yoxlanılıb.

 

Sonuncu təcrübədə kafedranın laborantı Təranə Camalova misin elektrokimyəvi ekvivalentini təyin edib.

 

Qeyd edək ki, təcrübə prosesində  orta ümumtəhsil məktəblərinin kimya müəllimləri, ali təhsil ocağının bu ixtisas üzrə  müəllim və tələbələri, magistrantlar və doktorantlar iştirak ediblər.

 

 

 



21.05.2020 | 14:47