Professor Akif Abbasova açıq məktub

Hörmətli Akif müəllim!

 

Siz - pedaqogika üzrə elmlər doktoru, professor, Rusiya Pedaqoji və Sosial Elmlər Akademiyasının həqiqi üzvü Akif Nurağa oğli Abbasov Azərbaycanda pedaqoji fikrin inkişafında böyük xidmətləri olan bir alim kimi tanınırsınız. Bu yüksək zirvələri fəth etmək üçün çox zəhmətlərə qatlaşmısınız, elmin çətin yollarında addım-addım irəliləmisiniz. 70 illik bir alim ömrünün möhtəşəm salnaməsini yaratmısınız. Bu xoş gündə sizi salamlayır və təbrik edirəm!

 

Təhsil illəri

 

Siz 1950-ci il mayın 28-də respublikamızın günü-gündən gözəlləşən Şirvan şəhərində anadan olmusunuz. İlk təhsilinizi də elə bu şəhərdə almısınız. Hələ orta məktəbdə oxuduğunuz dövrdə yazmağa-yaratmağa maraq göstərmisiniz. Qələminizdən süzülüb gələn  ilk yazılarınızı  şagird olarkən “İşıq” adlı şəhər qəzetində dərc etdirmisiniz. Dil öyrənmək marağı sizi M.F.Axundov adına Azərbaycan Pedaqoji Dillər İnstitutuna (indiki Azərbaycan Dillər Universitetinə) gətirib. Həmin institutun ingilis və Azərbaycan dilləri fakültəsində təhsil almısınız. Təyinatla Sabirabad rayonunun kəndlərində işləmisiniz. 1975-ci ildən taleyinizi Azərbaycan Elmi-Tədqiqat Pedaqoji Elmlər İnstitutu (indiki Azərbaycan Respublikasının Təhsil İnstitutu) ilə bağlamısınız. Kiçik elmi işçilikdən elmi katib vəzifəsinə qədər yüksəlmisiniz. Bu gün də fəaliyyətinizi uğurla davam etdirirsiniz.

 

Pedaqoji aləmin sehrində

 

Biz o vaxt ilk dəfə görüşəndə 1977-ci ilin yayı idi. İndi az qala yarım əsrə bərabər bir dövr arxada qalıb. Hələ də müəllimlik ömrünün əsrarəngizliyi ilə bağlı elədiyiniz söhbətlər unudulmayıb. Dərs dediyiniz illərin təkrarsız anlarını indi də xatırlayırsınız. Uşaqların danışıqlarını, verdiyi sualları yada salırsınız. Siz həmişə deyirdiniz: biz yaxşı ki, məktəb auditoriyalarında olduq. Pedaqoji aləmin sehrinə düşdük, pedaqoji düşüncələrimiz də ordan qaynaqlandı. Bizi təhsil elmi ilə məşğul olmağa sövq etdi.

 

Elmi-pedaqoji yaradıcılığın harmoniyası

 

İndi həyat öz axarında gedir. “İşıq” adlı şəhər qəzetinin səhifələrində dərc olunan məqalələrinizdən başlayan fəaliyyətiniz  böyük bir yaradıcılıq ümmanına çevrilib. Burada elmiliklə bədiilik əriş-arğac kimi bir-birini tamamlayır. Artıq 25-dən çox  proqram və dərsliklərin, 40-dan artıq kitab və kitabçanın, 200-dən artıq elmi məqalənin, çoxsaylı konfrans materiallarının müəllifisiniz.

 

Siz pedaqogika sahəsində elmi dərəcə almaq üçün namizədlik, doktorluq dissertasiyaları müdafiə etmisiniz. Azərbaycanda pedaqogika elminin inkişafına, xüsusilə tərbiyə nəzəriyyəsinin təkmilləşməsinə təkan verən əsərlər yazmısınız. Respublikamızda ailə və hüquq tərbiyəsi ilə bağlı sistemli və ardıcıl araşdırmaları məhz siz aparmısınız. “Şagirdlərin hüquq tərbiyəsi” (1983), “Şagirdlərin hüquq tərbiyəsində məktəb, ailə və ictimaiyyətin əlbir işinin təlim prosesində nəzərə alınması” (1984), “Ailədə uşaqların hüquq tərbiyəsinin yolları”(1985) və s. kitabları çap etdirmisiniz. 80-ci illərdə ailə tərbiyəsi ilə bağlı məsələlərin ümumi təhsilin məzmununa gətirilməsinə ilk təşəbbüs edən də siz olmusunuz. Azərbaycanın görkəmli psixoloqu professor  Ə.Əlizadə ilə birlikdə orta məktəblər üçün ailə tərbiyəsi ilə bağlı proqram, eləcə də dərslik və dərs vəsaitləri (“Ailə”, IX siniflər üçün dərslik (1986), “Ailə həyatının etika və psixologiyası”. Müəllim üçün metodik vəsait (1988), “Ailə həyatının etika və psixologiyası” kursu üzrə tapşırıqlar sistemi (1988),  “Ailə həyatının etika və psixologiyası” kursunun tədrisinin ümumi məsələləri (1988)) yazmısınız. Hətta bu qəbildən olan və oxucular tərəfindən böyük maraqla qarşılanan  “Az söylə, söz söylə” (Şərqin şifahi və yazılı sənət abidələrində tərbiyəvi fikirlər) (1992),  “Qız gəlin köçür” (yeniyetmə və gənclərin ailə həyatına hazırlanması) (1992) adlı kütləvi xarakter daşıyan pedaqoji əsərlər də yazıb nəşr etdirmisiniz. Neçə onilliklər keçməsinə baxmayaraq, həmin məsələlər bu gün də öz aktuallığını saxlamaqdadır.

 

Siz öz pedaqoji araşdırmalarınızda həm də təhsil quruculuğu məsələlərini tədqiqat obyektinə çevirmisiniz. Təhsilin pedaqoji-psixoloji problemlərinə, təhsilin modernləşdirilməsinin aktual məsələlərinə, pedaqoji internaturaya əsərlər həsr etmisiniz. Həmçinin ilk dəfə olaraq “Azərbaycanca-rusca pedaqoji-psixoloji terminlər lüğəti” (2019) hazırlayıb pedaqoji ictimaiyyətin istifadəsinə vermisiniz.

 

Sizin yaradıcılığınızda həm də təhsilin məzmunu üzrə gördüyünüz işlər də diqqəti cəlb edir. Bu gün təhsil sahəsinə bələd olan hər kəs bilir ki, orta ixtisas məktəbləri üçün  “Pedaqogika” kursunun yeni məzmununun yaradılması sizin adınızla bağlıdır. İndi orta ixtisas məktəblərində istifadə olunan  “Pedaqogika”, “Milli əxlaq və ailə etikası” dərslikləri  sizə məxsusdur.

 

Bu gün inklüziv təhsil, islahatlar müstəvisində prioritet bir məsələ kimi  gündəmdə dayanır. Təhsilin humanistlik prinsipi əsasında qurulması öz növbəsində inklüzivliyin nəzərə alınmasını tələb edir. Siz də bu məsələni islahat dövründə diqqət mərkəzində saxlamısınız. Fiziki cəhətdən məhdudiyyəti olan uşaqlar üçün dərsliklərin hazırlanmasına qoşulmusunuz. Zəif eşidən uşaqlar üçün 2008-2009-cu illərdə  “Oxu” (II sinif), “Oxu” (III sinif), “Oxu” (IV sinif), “Oxu” (V sinif) dərsliklərini yazmısınız.

 

Bədii yaradıcılıq ömrün poetikasıdır

 

Bildiyim qədər sizin 60-cı illərdən gündəmə gələn ümumi yaradıcılığınızın bir hissəsini də tərcüməçilik fəaliyyəti təşkil edir. Bu fəaliyyət özünü sistemli və ardıcıl olaraq 80-ci illərdə göstərməyə başlayır. Həmin dövrdə sizin tərcümə etdiyiniz  M.Baycıyevin “Duel”, Z.Çernişevanin “Buzda ehtiyatlı ol”, Y.Obukovun “Nənə gələndə”, Y.Ziskindin “Uğurlu skamya” və b. əsərlər respublika radiosunda səsləndirilir. Eyni zamanda Azərbaycan dilinə çevirdiyiniz Georgi Xuqayevin “Andro və Sandro” pyesinin 1987-ci ildə məşhur rejissor-aktyor Həsən Əbluçun rejissorluğu  ilə hazırlanmış radio tamaşası verilir.

 

Bədii yaradıcılıq ömrün poetikasıdır. O birdən-birə yaranmır. İstedadlı insanların yaradıcılıq bətnində olur.  Tədricən inkişaf edərək öz məcrasına düşür. Sizdə də bədii yaradıcılığın potensial imkanları əvvəldən olub. Tərcüməçilik fəaliyyətinizdə də özünü göstərib. Sonradan sizin müxtəlif nəsr və dram əsərlərinizin nümunəsində tamamilə meydana çıxıb. İndi oxucular sizi ayrı-ayrı illərdə yazılmış roman, povest, hekayə və dram əsərlərinizi əhatə edən “Lələşin ayaqqabısı” (1988), “Qaş düzəltdiyi yerdə” (1999), “Xəyanət”, “Dədəmə oxşayırsan” (2004), “Bir qıçlı öz atasıdır” (2010), “Aldanma sözlərə” (2004), “Samsundan başlanan yol” (2011), “Acı xatirələr” (2015), “Sultan II Murad” (2016), “Fateh Sultan Məhəmməd” (2020) və s. adda 40-dan çox bədii kitabın müəllifi kimi tanıyır.

 

Sizin bədii əsərləriniz bir neçə xüsusiyyətinə görə fərqlənir və oxucular tərəfindən sevilir. Onlardan birincisi, bu əsərlərdə güclü yumor hissinin olmasıdır. Xüsusilə hekayə və lətifələrinizdə bu, daha çox hiss olunur. Maraqlı cəhət ondadır ki, ümumiləşdirilərək əsərlərə gətirilən bu yumoristik hadisələr tamamilə real həyat hadisələrinə əsaslanır. Təbiilik baxımından oxucuya müsbət təsir göstərir və onu tamamilə inandırır.

 

İkinci cəhət ciddilikdir. Xüsusilə roman müəllifi üçün hadisələrə obyektiv yanaşmaq, onu real səhnələrdə ifadə edə bilmək, dövrü, zamanı, epoxanı səciyyələndirən obrazlar yaratmaq vacib hesab edilir. Sizin əsərləriniz bu baxımdan da maraq doğurur. Əsasən də tarixi romanlarınızdakı obrazlar daha çox diqqəti cəlb edir. Türkün qəhrəmanlıq tarixi ilə bağlı yaratdığınız bədii salnamələri həyəcansız oxumaq mümkün olmur.

 

Alimlik təkcə tədqiqatçılıq deyil

 

Alimlik təkcə tədqiqatçılıq deyil,  həm də böyük təşkilatçılıq, idarəçilik mədəniyyəti tələb edir. Bu gün, doğrudan da, gənclərin elmimizin nüfuzlu nümayəndələrinin dəstəyinə çox böyük ehtiyacı vardır. Siz öz fəaliyyətinizdə həmişə bu platformada dayanmısınız. İlk növbədə, elmi kadrlarımızın hazırlanmasında layiqincə iştirak etmisiniz. Elə onun nəticəsidir ki, bu vaxta qədər sizin rəhbərliyiniz və elmi məsləhətçiliyinizlə 35 nəfər elmlər doktoru və fəlsəfə doktoru yetişib. Həmçinin 11 elmlər doktoruna, 32 fəlsəfə doktoruna müdafiə zamanı rəsmi opponentlik etmisiniz.

 

Siz eyni zamanda bir sıra pedaqoji mətbuat orqanlarının fəaliyyətində iştirak etmisiniz. Belə ki, Ukrayna Milli Müdafiə Universitetinin orqanı olan  “Viiskova osvita”, Azərbaycanda nəşr olunan “Mütərcim” ədəbi-bədii tərcümə jurnallarının,  “Humanitar fənlərin öyrənilməsinin aktual problemləri”, “Pedaqogika”, Naxçıvan Müəllimlər İnstitutunun “Elm xəbərləri”nin, “Azərbaycanda xarici dillər” jurnalının redaksiya heyətinin  üzvü, Azərbaycan Respublikasının Təhsil İnstitutunun “Elmi əsərlər”inin baş redaktorusunuz.

 

Siz həmçinin bu gün Azərbaycan Yazıçılar  və Jurnalistlər birliklərinin üzvü kimi fəaliyyət göstərirsiniz. “Qızıl qələm” mükafatı laureatısınız. Dövlətimiz tərəfindən “Əməkdar müəllim” fəxri adı, “Tərəqqi” medalı ilə təltif olunmusunuz. Təhsil Nazirliyi tərəfindən “Qabaqcıl maarif işçisi” döş nişanı və Fəxri fərmana layiq görülmüsünüz.

 

Hörmətli Akif müəllim!

Sizi - ölkəmizin tanınmış təhsilşünas alimini anadan olmağınızın 70 illiyi münasibəti ilə ürəkdən təbrik edirəm! Sizə cansağlığı, gümrahlıq və yeni yaradıcılıq uğurları arzulayıram!

 

Ənvər ABBASOV,

Azərbaycan Respublikasının Təhsil İnstitutunun direktor müavini, pedaqogika üzrə fəlsəfə doktoru, dosent, Əməkdar müəllim

 



22.05.2020 | 15:36