Tələbələr üçün COVİD-19-la bağlı mühazirə

Bakı Dövlət Universitetində (BDU) Türkiyənin  Akdeniz Universitetinin professoru, AMEA-nın Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutunun molekulyar biomühəndislik laboratoriyasının müdiri Tərlan Məmmədov BDU-nun tələbələri üçün “Yeni koronovirus COVID-19: epidemiologiyası, virusologiyası, diaqnostikası, klinik xüsusiyyətləri və qarşısının alınması” mövzusunda onlayn ustad dərsi keçib.

 

Videobağlantıya BDU-nun rektoru Elçin Babayev də qoşulub. Rektor koronavirus (COVİD-19) infeksiyasının Azərbaycanda geniş yayılmasının qarşısını almaq üçün atılan addımlardan danışıb və  universitetdə görülən qabaqlayıcı, effektiv tədbirlər barədə məlumat verib.

 

Tərlan Məmmədov isə COVİD-19 pandemiyasının diaqnostika və müalicə üsulları, virusun genomu, quruluşu, mənşəyi, xəstəliyin əlamətləri, eyni zamanda vaksinlərin hazırlanması, infeksiyadan qorunma üsulları , yeni epidemiya təhlükəsinin  qarşısının alınmasında innovativ texnologiyaların tətbiqi, milli biotəhlükəsizlik çağırışları kimi məsələlərə aydınlıq gətirib.

 

Microsoft Teams platforması üzərindən təşkil olunan dərs iştirakçıların böyük marağına səbəb olub.

 

Ustad dərsi sualların cavablandırılması ilə başa çatıb.

 



23.05.2020 | 11:28