ADPU-da təlim

Mayın 22-də Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Clarivate Analytics Şirkətinin həyata keçirdiyi “Beynəlxalq elmi jurnalların tələbləri və elmi məqalələrin yazılma qaydaları: Gənc alim və tədqiqatçılara  dəstək” adlı layihə çərçivəsində təlim təşkil olunub. Tədbirdə ADPU-nun rəhbərliyi, fakültə dekanları, kafedra müdirləri, müvafiq şöbələrin əməkdaşları iştirak ediblər.

 

ADPU-nun rektoru, professor Cəfər Cəfərov bildirib ki, universitetdə yaxın günlərdə professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsi ilə bağlı müzakirə aparılacaq. Nüfuzlu beynəlxalq elmi jurnallarda məqalələrin dərc olunması professor-müəllim heyətinin fəaliyyətinin qiymətləndirilməsində əhəmiyyətli rol oynayır. Bugünkü təlim də bu mövzuya həsr olunub.

 

Rektor qeyd edib ki, Clarivate Analytics Şirkəti Azərbaycanın gənc alim və tədqiqatçıları arasında maarifləndirmə işlərini aparmaq, onların bu sahədə məqsədlərinə  nail olmaları üçün  silsilə tədbirlərdən ibarət “Beynəlxalq elmi jurnalların tələbləri və elmi məqalələrin yazılma qaydaları: Gənc alim və tədqiqatçılara dəstək” adlı layihə həyata keçirir. Layihənin əsas məqsədi  mühüm elmi-tədqiqat nəticələrinin əldə olunmasında və təbliğində böyük imkanlara malik olan beynəlxalq elmi bazaların imkanlarından istifadə metodları, yüksək indeksli beynəlxalq jurnallarda məqalələr üçün qoyulan tələblər, müasir beynəlxalq jurnalların idarəedilmə prinsipləri və digər mövzularla bağlı gənc alim və tədqiqatçıları maarifləndirməkdir.

 

Universitetdən verilən məlumata görə, təlim iki hissədən ibarət olub.  Birinci hissədə Clarivate Analytics şirkətinin  Azərbaycan üzrə nümayəndəsi Aygün Babazadə təmsil etdiyi qurumda yer alan elmi jurnallar haqqında, agentliyin təqdim etdiyi “Web of Science” platforması və onunla əlaqəli resurslarla iş üzrə istiqamətlərin verilməsi, platformada axtarışın səmərəli aparılması, ən nüfuzlu jurnalların və yüksək istinadlı məqalələrin axtarıb tapılması, platformada qeydiyyatdan keçmək və sair məsələlərlə bağlı ətraflı məlumat verib. Bildirib ki, bu jurnalların təsir gücü onlara edilən istinadların sayı ilə müəyyən edilir. Nüfuzlu beynəlxalq elmi jurnallarda  dərc olunan məqalələrin ümumi sayına görə Azərbaycan Cənubi Qafqazda 2-ci yerdə dayanır. 2016-cı illə müqayisədə ADPU-nun professor-müəllimlərinin nüfuzlu beynəlxalq elmi jurnallarda dərc olunan məqalələrinin ümumi sayı 3 dəfə artıb.

 

Təlimin ikinci hissəsində isə Xəzər Universitetinin “Xəzər Humanitar və Sosial Elmlər” beynəlxalq elmi jurnalının redaktor müavini Xəyalə Məmmədova elmi jurnalın idarə edilməsi prinsipləri, “Web of Science” platformasına daxil olmaq üçün jurnallar, eyni zamanda, çap olunacaq məqalələr qarşısında qoyulmuş tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları və digər praktiki məsələlərlə bağlı  layihə iştirakçılarını geniş məlumatlandırıb.

 

Təlimdə mövzu ilə bağlı maraqlı fikir mübadiləsi aparılıb, iştirakçıların sualları cavablandırılıb.

 

Təlimin sonunda elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov təqdimatçılara təşəkkür edib.

 

 



23.05.2018 | 16:57