“Müsəlman Şərqinin ilk cümhuriyyəti” mövzusunda elmi konfrans

Mingəçevir Dövlət Universitetində (MDU) 28 may – Respublika Gününə həsr olunan “Müsəlman Şərqinin ilk cümhuriyyəti” mövzusunda elmi konfrans keçirilib. Microsoft Teams platforması üzərindən virtual formatda keçirilən konfransda MDU-nun professor-müəllim heyəti və tələbələri iştirak ediblər.

 

Konfrans iştirakçılarını 28 may – Respublika Günü münasibətilə təbrik edən MDU-nun rektoru Şahin Bayramov  zəngin dövlətçilik ənənələri olan Azərbaycan xalqının XX əsrin əvvəlində Müsəlman Şərqində ilk demokratik respublika yaratmasının mühüm tarixi uğur olduğunu qeyd edib. Rektor  cəmi 23 ay fəaliyyət göstərən Azərbaycan Xalq Cümhuriyyətinin 1920-ci ildə endirilən üçrəngli bayrağının növbəti dəfə Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyev tərəfindən Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sessiyasında rəsmi dövlət bayrağı kimi qaldırıldığını xatırladıb. O, Ulu Öndərin ölkəmizdə ikinci dəfə hakimiyyətə gəldikdən sonra Azərbaycan Xalq Cümhuriyyətinin fəaliyyətinə yüksək siyasi qiymət verdiyini diqqətə çatdırıb.

 

Ş.Bayramov ölkə başçısı İlham Əliyevin müvafiq sərəncamı ilə 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin respublikamızda dövlət səviyyəsində qeyd edildiyini bildirib.

 

Sonra MDU əməkdaşlarından kafedra müdiri Esmira Cəfərova “Ümummilli lider Heydər Əliyevin irsində Azərbaycan Xalq Cümhuriyyətinin tarixi rolunun qiymətləndirilməsi”, fakultə dekanı Nizami Zeynalov “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması milli dövlətçilik tariximizin şanlı səhifəsidir” və  baş müəllim Gülər Əjdərzadə “Müsəlman Şərqinin ilk Cümhuriyyətinin varisi – müstəqil Azərbaycan Respublikası” mövzularında  məruzələrlə çıxış ediblər. Məruzələrdə mövcud tarixi şəraitdə cümhuriyyətin qurulması, yaradılan demokratik təsisatlar, Azərbaycan dilinin dövlət dili elan edilməsi, milli ordunun təşkil olunması, qadınlara seçki hüququnun verilməsi, Bakı Dövlət Universitetinin əsasının qoyulması, hazırda müstəqil Azərbaycanın davamlı olaraq güclənməsi və digər məsələlərdən bəhs olunub.

 

Konfrans öz işini geniş müzakirələrlə davam etdirib.

 



28.05.2020 | 11:33