“Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir”

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Molekulyar Biologiya və Biotexnologiyalar İnstitutu (MBBİ) əməkdaşlarının iştirakı ilə 28 May - Respublika Gününə həsr olunan  tədbir keçirilib.

 

Zoom platforması üzərindən keçirilən tədbirdə  AMEA-nın vitse-prezidenti, institutun direktoru, akademik İradə Hüseynova bildirib ki,  1918-ci il mayın 28-də  Şərqdə ilk dəfə azad, demokratik, dünyəvi dəyərlərə söykənən müstəqil bir respublikanın yarandığı dünyaya elan olunub.

 

“Azərbaycan Xalq Cümhuriyyəti müsəlman-şərqində yaranmış ilk xalq-demokratik respublikası idi. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya hədiyyə edilmir. Müstəqilliyə gedən yol böyük mübarizələrdən keçir. Onu qazanmaq və qoruyub saxlamaq qurban tələb edir. Əldə edilmiş bu azadlıq xalqımızın böyük mübarizəsinin, onun böyük oğlu Məhəmməd Əmin Rəsulzadə başda olmaqla, görkəmli ziyalılarımızın təfəkkürünün bəhrəsi idi. Xalqımız yeni tarixi şəraitdə öz dövlət müstəqilliyini bərpa etdikdən sonra Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında Xalq Cümhuriyyətinin ənənələrini əsas tutaraq, müstəqil Azərbaycan dövlətini yaratdı... Bu gün möhtərəm Prezidentimiz  İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Respublikasında demokratik, hüquqi, dünyəvi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesi uğurla davam etdirilir”-deyə akademik bildirib.

 

Daha sonra çıxış edən alimlər də Şərqdə ilk Demokratik Respublikanın yaranması tarixindən ətraflı bəhs ediblər.

 

Tədbirin sonunda  Xalq Cümhuriyyətinin qurulması hadisəsini əks etdirən  qısametrajlı film də  nümayiş olunub.   

 

 



28.05.2020 | 19:34