“Rəqəmsal bacarıqlar” layihəsi üzrə informatika fənnindən 72 teledərs

“Rəqəmsal bacarıqlar” layihəsi çərçivəsində tədris olunan informatika fənni üzrə buraxılmış mövzulara əsasən ümumilikdə 72 teledərs (Azərbaycan bölməsi üçün 32, rus bölməsi üçün isə 40 teledərs) ictimaiyyətə təqdim olunub.

 

Bununla yanaşı olaraq, ölkədə karantin rejimini nəzərə alaraq Təhsil Nazirliyi və beynəlxalq “Alqoritmika” şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirilən layihə üzrə videodərslər hazırlanıb.  Ümumilikdə 3-8 sinifləri əhatə edən 197 videodərs təqdim olunub. Onlardan 87-si Azərbaycan və 110-u isə rus bölməsi üzrə yaradılıb. Layihə çərçivəsində təqdim olunan bütün teledərslər və videodərslər layihənin youtube kanalında yerləşdirilib - https://www.youtube.com/channel/UCFTA-7TfHaLu0AUrDOXnd6g/videos.

 

Videodərslər həmçinin “Alqoritmika” platformasında təqdim olunub. Qeyd edək ki, teledərslər və videodərslər şagirdlər tərəfindən həvəslə qarşılanıb. “Facebook” və “YouTube” kanalındakı “Rəqəmsal bacarıqlar” səhifəsinə izləyicilərin marağı və şagirdlərin video formatında rəyləri gündən-günə artır. Paylaşılan videodərslərə 300 min dəfədən çox baxılıb. https://www.youtube.com/channel/UCFTA-7TfHaLu0AUrDOXnd6g/videos , https://www.facebook.com/reqemsalbacariqlar/

 

“Rəqəmsal bacarıqlar” layihəsi 2019-2020-ci tədris ilində Bakı, Sumqayıt, Gəncə, Biləsuvar, Şamaxı və Mingəçevir şəhərləri üzrə 123 məktəbi əhatə edir. Hazırda layihə çərçivəsində 70 mindən çox şagird "İnformatika" fənnini yeni formatda öyrənməkdədir.

 

2017-2018-ci tədris ilində tətbiqinə başlanılan layihə şagirdlərdə alqoritmik düşüncə, məntiq, layihə əsaslı öyrənmə bacarıqlarının inkişafı və proqramlaşdırma əsaslarının öyrədilməsi məqsədini daşıyır. Layihə təhsilalanların İKT bacarıqlarına dərindən yiyələnməsinə, onların gələcəkdə informasiya məkanında sərbəst və məqsədyönlü fəaliyyətinə, rəqabətqabiliyyətli və qeyri-standart düşüncə tərzinə malik şəxslər kimi formalaşmasına şərait yaradır.

 

 



01.06.2020 | 15:38