“Riyaziyyatın tətbiqi problemləri” mövzusunda virtual elmi konfrans

Bakı Dövlət Universitetinin (BDU) tətbiqi riyaziyyat və kibernetika fakültəsinin təşkilatçılığı ilə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 102-ci ildönümünə həsr olunan “Riyaziyyatın tətbiqi problemləri” mövzusunda gənc tədqiqatçıların Respublika virtual elmi konfransı öz işinə başlayıb.

 

BDU-nun rektoru Elçin Babayev bildirib ki, dövrümüz elm və texnikanın tərəqqisi əsasında bəşəriyyətin maddi və mənəvi həyatında baş verən mühüm dəyişikliklərlə əlamətdardır:”Elm və texnika cəmiyyətin həyatında getdikcə daha böyük rol oynayır, onun inkişafı üçün hədsiz imkanlar açılır. Müasir elm, riyazi metodların xüsusi tədqiqat proseslərinə getdikcə daha çox nüfuz etməsi ilə xarakterizə olunur”.

 

Rektor əlavə edib ki,  BDU-nun tətbiqi riyaziyyat və kibernetika fakültəsi fəaliyyət göstərdiyi müddətdə yüksəkixtisaslı kadrlar yetişdirərək respublikada kompüter elmlərinin inkişafına və elmi-pedaqoji kadrların hazırlanmasına önəmli töhfələr verib.

 

Konfransda “Elektron imtahanların təşkilində informasiya sisteminin hazırlanması”, “Zenit hədəf sürətinin təyin olunduğu atəşi idarəetmə qurğulari üçün optimal dinamik sistemin Maple paketi vasitəsilə qurulması”, “Multiagent sistemlərdə reaktiv agentin işləmə alqoritmi”, “Çoxsektorlu istehsalda optimal idarəetmə modeli”, “Задача обработки тренировочной выборки для нейросетевого метода распознавании речи”, “Parabolik tənlik üçün sərbəst həddin tapılması haqqında tərs  məsələnin variasional qoyuluşu” adlı məruzələr iştirakçıların böyük marağına səbəb olub.

 

Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dekanı, professor Məhəmməd Mehdiyev fakültədə əsaslı nailiyyətlər əldə olunduğunu vurğulayıb, elmi istiqamətdə tədqiqatların davam etdirildiyinə diqqət çəkib.

 

Microsoft Teams platforması üzərindən təşkil olunan Respublika elmi konfransını 100-dən çox iştirakçı dinləyib.

 

Qarşılıqlı diskussiya şəraitində davam edən konfransın ilk günü sualların cavablandırılması ilə yekunlaşıb.

 



04.06.2020 | 10:30