Bir çox ilklərə imza atan Cümhuriyyətimiz

Mayın 23-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Azərbaycan Xalq Cümhuriyyəti (AXC) Şərqdə ilk demokratik respublikadır” mövzusunda tədbir keçirilib. Tədbirdə ADNSU-nun rektoru, professor Mustafa Babanlı, tarixçi-tədqiqatçı alim Firdovsiyyə Əhmədova, millət vəkili Aydın Mirzəzadə, “Səs” media qrupun baş direktoru Bəhruz Quliyev, YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, eləcə də universitetin professor-müəllim heyəti və tələblər iştirak ediblər.

 

Azərbaycan Respublikasının Dövlət himni səsləndikdən sonra məlumat verilib ki, ölkə başçısı İlham Əliyevin 16 may 2017-ci il tarixli sərəncamına əsasən universitetdə AXC-nin 100 illiyinə həsr olunan tədbirlər planı hazırlanıb. Ayrı-ayrı qruplarda Cümhuriyyətə həsr olunan dərslər aparılıb, tələbələrlə görkəmli dövlət xadimlərinin, tədqiqatçıların görüşləri keçirilib.

 

ADNSU-nun rektoru, professor M.Babanlı AXC-nin yaranması tarixi və bu hadisənin ölkəmizin sonrakı inkişafına verdiyi töhfələrdən bəhs edib. Rektor məhz AXC dövründə  bir çox ilklərə imza atıldığını və müstəqil Azərbaycanın hüquqi dövlət kimi AXC-nin varisi olduğunu deyib. O Azərbaycan Respublikasının XX əsrin sonlarında dövlət suverenliyini bərpa etməsindən sonra əldə olunmuş müstəqilliyin qorunub saxlanması və daha da möhkəmlənməsində ulu öndər Heydər Əliyevin xüsusi rolunu vurğulayıb. Rektor M.Babanlı müstəqilliyin qorunması üçün təhsili mühüm amillərdən biri kimi səciyyələndirib və inkişaf edən Azərbaycan iqtisadiyyatı və sənayesinin tələblərinə cavab verən səviyyədə yüksək təhsil verilməsini ADNSU-nun əsas hədəfi olduğunu qeyd edib.

 

Tarixçi alim Firdovsiyyə Əhmədova çıxışında Azərbaycan xalqının şanlı tarixinin ən parlaq səhifəsi olan AXC-nin yaranmasından və o dövrün siyasi vəziyyətindən danışıb. AXC-nin Tiflisdə elan olunduğunu, daha sonra Bakının azad edildiyini qeyd edən natiq 1920-ci ildə Azərbaycanın müstəqilliyinin beynəlxalq aləmdə tanınmasını AXC-nin ən böyük nailiyyətlərindən biri kimi səciyyələndirib.

 

Millət vəkili Aydın Mirzəzadə  çıxışında Azərbaycan xalqının XX əsrdə yenidən müstəqillik qazanmasını onun tarixən müstəqil təfəkkürə malik olması ilə əlaqələndirib.

 

“Səs” media qrupunun baş direktoru Bəhruz Quliyev AXC-nin yaradılmasında ziyalıların  rolunu qeyd edib.

 

“İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə AXC-nin yaranmasını tarixi nailiyyət kimi dəyərləndirərək həmin dövrdə bir sıra mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. 



24.05.2018 | 13:29