Bakı Slavyan Universitetində yaz semestrinin imtahan sessiyası

Bakı Slavyan Universitetində (BSU) 2019-2020-ci tədris ilinin yaz semestrinin imtahan sessiyası başlayıb.

 

Universitetdən verilən məlumata görə, yaz imtahan sessiyasının təşkilinə, gedişinə nəzarəti həyata keçirmək, tələbələr tərəfindən edilən müraciətlərin çevik araşdırılması məq­sədilə universitet rəhbərliyi, valideyn şuraları, tələbə gənclər təşki­latları və şuraları, mətbuat xidməti və ictimaiyyətin nüma­yəndələrindən ibarət İmtahan Qərar­gahı  yaradılıb. İmtahan Qərargahına edilən müraciətlərə operativ yanaşma təmin edilib, onlayn formatda təşkil olunmuş magistr dissertasiyalarının müdafiəsi zamanı qiymətdirmənin nəticəsi ilə razılaşmayan magistrların, Ümumi Orta Müvəffəqiyyət Göstəricisi (ÜOMG) əsasında Yekun Buraxılış Dövlət Attestasiyasından keçən məzunların, ÜOMG-yə uyğun aparılmış aralıq qiymətləndirmə ilə razılaşmayan I-III tədris ili tələbələrinin onlayn şəkildə imtahan vermələrinə şərait yaradılıb. Qiymətləndirmənin nəticələrindən narazı qalan tələbələr universitet üzrə Apelyasiya Komissiyasına müraciət edə bilərlər.

 

Bildirilib ki, yaz semestrinin imtahan sessiyası müddətində magistr dissertasiyalarının ixtisaslaşdırılmış müdafiə şuralarında onlayn formada müdafiəsinin təşkili məqsədilə ayrılmış otaqlar texniki təchizat vasitələri ilə təmin edilib, magistr dissertasiyalarının onlayn formatda təşkil ediləcək müda­fiəsini həyata keçirən ixtisaslaşdırılmış müdafiə şuralarının və Yekun Buraxılış Dövlət Attestasiya komissiyalarının tərkibi mümkün qədər yaşı 65-ə çatmamış müəllimlərin sırasından müəyyənləşdirilib.  

 

Verilən məlumata görə,  distant təhsilə qoşulmayan və qismən qoşulan tələbələr üçün 10 avqust-10 sentyabr 2020-ci il tarixlərində ödənişsiz onlayn icmal mühazirələrinin, məsləhət saatlarının və seminarların təşkil olunması, onlayn dərslərə  tam şəkildə qoşul­duqları seminarlarda iştirak etdikləri halda tələbələrin aralıq qiymətlən­dirilmədən azad olunması nəzərdə tutulub.

 

BSU-nun rektoru, professor  Nurlana Əliyevanın müvafiq əmrində,  həmçinin təkrar ali təhsil alan II-III tədris ili tələbələrinin istisnasız olaraq 10 avqust – 10 sentyabr 2020-ci il tarixlərində təşkil oluna­caq ödənişsiz onlayn dərslərdə iştirakının təmin edilməsi, onlayn dərslərə  tam şəkildə qoşulduqları halda onların aralıq qiymətlən­dirilmədən azad olunmaları, həmin tələbələrin imtahan ballarının cari qiymət­ləndirmə ballarına bərabər tutul­ması, 1-2 akademik borcu olan məzunların akademik borclarının ləğv olunması, 10-14 sentyabr 2020-ci il tarixlərində tələbələrə fənni (fənləri) tək­rar dinləmədən ödənişsiz qaydada kredit borclarını ləğv etmək imkanının verilməsi, yaz imtahan sessiyası üzrə cari və aralıq qiymətləndirmə bal­larının cəmi 90-a bərabər olan tələbələrin yekun balının 91 bal hesab edilməsi də öz əksini tapıb.

 

Yaz semestrinin imtahan sessiyasında  universitet rəhbərliyi tərəfindən tələbələrə yüksək güzəştlər edilməsi onlar tərəfindən razılıqla qarşılanıb. Distant təhsilə qoşulan tələbələrin imtahanaqədərki fəaliyyətinin nəzərə alınması, bütün tələbə heyətinin onlayn dərslərə qoşulması üçün universitet tərəfindən imkanların səfərbər olunması qarşıdakı tədris ilində tələbə və müəllimlərin distant tədris formasından daha səmərəli və sıx istifadəsi üçün ciddi motivasiya yaradır. İmtahan sessiyasının şəffaf və obyektiv keçirilməsi üçün bütün zəruri tədbirlər həyata keçirilib.

 

Qeyd edilib ki,  imtahan sessiyasının iyulun 10-da başa çatdırılması, yeni şəraitə və müvafiq qaydalara uyğun olaraq, yaz semestri üzrə aralıq qiymətləndirmənin  növbəti  tədris ilinin  başlanğıcınadək  aparılması  nəzərdə  tutulub.

 

 



11.06.2020 | 17:00