Üç qurum arasında müqavilə imzalandı

Mayın 24-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nümayəndələri ilə görüş keçirilib.

 

ADNSU-nun rektoru, professor Mustafa Babanlı İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin nümayəndələrini salamlayaraq universitetdə son vaxtlar həyata keçirilən islahatlardan danışıb. ADNSU-da sənaye müəssisələri ilə əlaqələrə xüsusi önəm verildiyini bildirən rektor əsas məqsədin ölkə üçün savadlı mütəxəssislərin yetişdirilməsi olduğunu qeyd edib. Universitetdə tələbələrin innovativ biznes qurması üçün startap mərkəzinin fəaliyyət göstərdiyini deyən  M.Babanlı sənaye məhəllələrinə innovativ ideyaları olan tələbə və məzunların da cəlb olunmasının vacibliyini vurğulayıb. Rektor M.Babanlı elmi məsələlərdə də birgə əməkdaşlığın tərəflərə böyük xeyir verəcəyini diqqətə çatdırıb.

 

Müəssisələr arasında əlaqələrin güclənməsinin əhəmiyyətini qeyd edən İqtisadiyyat Nazirliyinin İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyev ADNSU ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

 

Təmsil etdiyi müəssisə haqqında tədbir iştirakçılarına qısa məlumat verən “Sumqayıt Kimya Sənaye Parkı” MMC-nin direktoru Nazim Talıbov tərəflərin birgə əməkdaşlığı üçün kifayət qədər imkan olduğunu bildirib.

 

Görüşün sonunda ADNSU,  İqtisadi İslahatlar Elmi Tədqiqat İnstitutu və “Sumqayıt Kimya Sənaye Parkı” MMC arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

 

 



26.05.2018 | 11:39