Azərbaycanın nadir bitkilərinin mühafizəsi üzrə beynəlxalq səviyyəli çöl tədqiqatları

Məlum olduğu kimi, Azərbaycan Milli Elmlər Akademiyası Botanika İnstitutu iqlim dəyişikliyi və bioloji müxtəlifliyin itirilməsi ilə bağlı müasir çağırışların həlli üçün beynəlxalq elmi cəmiyyətlərə inteqrasiya olunub və dünyanın aparıcı xarici tərəfdaşları ilə birgə elmi tədqiqatlar aparır. Təhlükə altında olan və faydalı bitki növlərinin mühafizəsi məqsədilə İngiltərənin Kyu Kral Botanika Bağlarının Minilliyin Toxum Bankı Tərəfdaşlığı ilə birgə həyata keçirilən “Biomüxtəlifliyin təhlükə altında olan qaynar nöqtələri proqramı” layihəsi bu fəaliyyətin bir nümünəsidir.

 

Botanika İnstitutundan bildirilib ki, son illərdə qlobal miqyasda müşahidə edilən ətraf mühit dəyişiklikləri Azərbaycanın  unikal bitkilərinin mövcudluğu üçün təhdid hesab edilə bilər. Belə ki, intensiv antropogen fəaliyyət (neft hasilatı, rekreasiya, infrastrukturun genişləndirilməsi) bitki örtüyündə "qırmızı" kritik zonaların yaranmasına gətirib çıxarmışdır ki, bu da öz növbəsində bəzi bitki növləri üçün itmə təhlükəsi yaradıb. Qeyd olunub ki, ölkəmizin florası qiymətli dərman, qida və dekorativ, eləcə də endem və relikt bitki növləri ilə zəngindir. Bu kimi növlərin gələcək nəsillər üçün qorunub saxlanılması, çoxaldılması və elmi-tədqiqat işlərinin aparılması məqsədilə onların toxumlarının toplanılması ilə ex situ mühafizəsinin təşkilindən öncə çoxsaylı monitorinq işlərinin aparılması zəruridir.

 

Carı ilin yaz-yay aylarında institutun bir sıra əməkdaşları toxum kolleksiyalarının toplanılması  üzrə ölkənin müxtəlif rayonlarında çöl şəraitində aparılan ekspedisiyalarda iştirak ediblər. Böyük Qafqaz dağ silsiləsinin dağlıq və dağətəyi ərazilərini əhatə edən Şamaxı, İsmayıllı, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonları, Kür-Araz ovalığında yerləşən Kürdəmir rayonu və Abşeron rayonu ərazisində vaxtaşırı monitorinq və araşdırmalar aparıblar.

 

Təhlükə altında olan və faydalı nadir bitki növlərinin mühafizəsi məqsədilə həyata keçirilən yuxarıda adıçəkilən beynəlxalq layihə çərçivəsində cari dövr üçün hədəf siyahı hazırlanıb. Daha sonra bitki növlərinin çiçəkləmə və meyvəvermə dövrü, yayılma əraziləri, endemizm və təhlükə altında olması, faydalı xüsusiyyətləri və s. məlumatları əhatə edən məlumat bazası tərtib edilib. Beləliklə, cari ildə layihə üzrə mart-iyul aylarında Azərbaycanın yuxarıda qeyd edilən rayonlarında aparılan çöl işləri zamanı 21 bitki növünün toxum, herbari və çöl məlumatları toplanılıb, onlara şəkil və  digər materiallar əlavə olunub.

 

Bununla yanaşı, olkəmizin 5 rayonu üzrə 26 nadır bitki növünün 40 senopopulyasiyası tədqiq edilib, onların müasir vəziyyəti və mühafizə statusu qiymətləndirilib. Tədqiqatlar müxtəlif meşə massivlərində müəyyən edilən  pilot sahələrdə aparılıb. Bu zaman 300-ə qədər herbari nümunəsi yığılaraq təyin olunub və institutun mövcud herbari kolleksiyasının zənginləşdirilməsi, gələcək tədqiqatların aparılmasında istifadə olunması məqsədi ilə xüsusi şəraitdə saxlanılıb.

 

Ekspedisiyalarda müşahidə olunan karantinin təbiətə təsirinin mühüm fenomeni xüsüsi ilə qeyd edilib. Bildirilib ki, antropogen yüklənmənin azalması (əhali tərəfindən dərman və qida bitkilərin toplanması, tapdalanma və s.) əvvəlki illərdə az qala yoxa çıxan bəzi nadir növlərin çoxalmasına səbəb olub. Məsələn, Limodorum abortivum (L.) Sw.,Phelypaea coccinea (M. Bieb.) Poir. və s. kimi təhlükə altında olan növlərin əvvəlki illərə nisbətən fərdlərinin sayının artımı müşahidə edilir. Lakin bəzi bitki növlərinin sayına təbii mühitdə hələ də az sayda rast gəlinir. Layihə çərçivəsində Azərbaycanın bir endem bitki növü (Calligonum bakuense Litr.) və Qafqazın üç endem bitki növlərinin (Galanthus caucasicus (Baker) Grossh., Tulipa eichleri Regel və Iris carthaliniae Fomin) toxumları toplanılıb. Digər toplanılmış bitki növləri isə təhlükə altında olaraq,  Azərbaycanın Qırmızı Kitabının 2-ci nəşrinə daxil edilib. Bəzi növlərin yeni yayılma arealları monitorinqlər və müşahidələr zamanı müəyyənləşdirilib.

 

İnstitutdan bildirilib ki, COVİD-19-un yaratdığı karantin şəraitinə  baxmayaraq, Botanika İnstitutunun alimləri  insanların həyatının əsasını təşkil edən bitki örtüyünün mühafizəsi üzrə  öz işlərini davam etdirirlər.

 



13.07.2020 | 13:25