"Neft-kimyəvi və üzvi sintezdə NMR metodunun rolu"

Bakı Dövlət Universitetində (BDU) kimya fakültəsinin təşkilatçılığı ilə "Neft-kimyəvi və üzvi sintezdə NMR (nüvə-maqnit rezonansı) metodunun rolu" mövzusunda onlayn elmi seminar keçirilib.

 

BDU-nun Elmi fəaliyyətin təşkili və innovasiyalar mərkəzinin direktoru Məmməd Rəcəbov keçirilən elmi seminarların elmi-tədqiqat işlərinin onlayn formada davam etməsinə böyük töhfələr verdiyini bildirib.

 

Daha sonra kimya fakültəsinin neft kimyası və kimya texnologiyası kafedrasının müdiri, professor İbrahim Məmmədov "Neft-kimyəvi və üzvi sintezdə NMR (nüvə-maqnit rezonansı) metodunun rolu" mövzusunda təqdimatla çıxış edib.

 

Təqdimatda 1945-cı ildə NMR üsulunun Amerika fizikləri E.Persell və Blox  tərəfindən kəşf edilməsi, bu kəşfə görə onların 1952-ci ildə fizika üzrə Nobel mükafatına layiq görülməsi, NMR spektrləri, NMR spektroskopiyasının molekulyar sistem haqqında məlumat almağa imkan verməsi, kondensə olunmuş hallarda maddənin quruluşu və dinamikasının hesablanması, NMR üsulunun tibbdə, neft-kimya sənayesində tətbiqi, Bruker cihazı, molekullararası qarşılıqlı təsirlərin müəyyən edilməsi, biodizel istehsalı haqqında geniş məlumat verilib.

 

Kİmya fakültəsinin dekanı Abdulsəyid Əzizov  isə doktorantlar və tələbə-magistrantları gələcəkdə də bu tip seminarlarda aktiv iştiraka səsləyib və deyib ki, fakültədə geniş elmi-tədqiqat işləri aparılır, bu işlərin nəticələri dünyanın bir çox nüfuzlu jurnallarında dərc olunur.

 

Diskussiya formasında davam edən elmi seminar sualların cavablandırılması ilə yekunlaşıb.

 



13.07.2020 | 17:18