“Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya”

Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) Zaqatala filialında ali məktəbin 90 illik yubileyinə həsr olunan “Qlobal iqtisadi dəyişikliklər və fürsətlər, fənlərarası inteqrasiya” mövzusunda onlayn respublika elmi-praktiki konfransı keçirilib.

 

UNEC-in Zaqatala filialının direktoru, professor Orucəli Rzayev 100-dən çox elmi məqalənin təqdim olunduğu konfransda iqtisadiyyatın müasir problemlərinə, fənlərarası inteqrasiyaya həsr edilən əhəmiyyətli məruzələrin dinləniləcəyini bildirib və konfransın işinə uğurlar arzulayıb.

 

UNEC-in strateji inkişaf üzrə prorektoru, professor Mirdaməd Sadıqov universitetin son illər ölkə təhsil sistemində öz aparıcı mövqeyini daha da genişləndirdiyini bildirib. O, mövcud pandemiya şəraitində dünya təhsil sistemində baş verən dəyişikliklər fonunda UNEC-in öz nümunəvi təhsil modelini bir daha təsqidlədiyini vurğulayıb. Prorektor mövcud şəraitdə yaranan iqtisadi proqblemlərdən və onların həlli yollarından da danışıb.

 

Millət vəkili, akademik Ziyad Səmədzadə “Azərbaycan iqtisadiyyatının dünəni, bu günü və gələcəyi haqqında düşüncələr” mövzusunda çıxış edərək ölkədə aparılan uğurlu iqtisadi islahatlardan və iqtisadi inkişafın Azərbaycan modelindən söz açıb.

 

Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Akif Musayev “Virtual mühit və məsafədən iş perspektivləri” adlı məruzəsində hazırda dünyada bütün sahələrdə virtual iş mühitinin yaradılmasından, bu mühitin üstünlüklərdən və gələcək perspektivlərindən danışıb.

 

Plenar iclasda Sumqayıt Dövlət Universitetinin professoru Şəfa Əliyev pandemiya şəraitində yeni çağırışlar kontekstində iqtisadiyyatın səmərəlilik problemləri haqqında məruzə ilə çıxış edib.

 

UNEC EFTİED-nin direktoru, professor Zahid Məmmədov isə COVİD 19-un dünya ali təhsil sisteminə təsirindən  danışıb, distant tədrisin və onlayn elmi tədbirlərin təşkilində UNEC təcrübəsini bölüşərək, əldə olunan nəticələri diqqətə çatdırıb.

 

Sonra konfrans öz işini 5 bölmə üzrə davam etdirib.  

 



14.07.2020 | 13:31