Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanının müzakirəsi keçirilib

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Naxçıvan Bölməsinin Təbii Ehtiyatlar İnstitutu bölmənin Elmi Kitabxanası ilə birgə oxunması zəruri kitablar siyahısına daxil olan, Xalq yazıçısı Elçin Əfəndiyevin “Baş” romanının onlayn müzakirəsini keçirib.

 

İnstitutun direktoru, AMEA-nın müxbir üzvü Tofiq Əliyev Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin “Oxunması zəruri olan kitablar haqqında” Sərəncamının əhəmiyyətindən, bu sənədin gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması və onların dünyagörüşlərinin artırılmasındakı rolundan danışıb.

 

Alim tövsiyə olunan nəşrlər sırasında Xalq yazıçısı E. Əfəndiyevin “Baş” romanın da yer aldığını diqqətə çatdırıb. Bildirib ki, müasir dövrümüzdə cəmiyyət həyatında baş verən prosesləri dolğun təsvir edən romandakı hadisələr  keçmiş tariximizə işıq salır, həmçinin bu günün reallıqları ilə də səsləşir. T. Əliyev sözügedən əsərin tarixi nöqteyi-nəzərdən mükəmməl, müasirlik baxımından isə aktual və ibrətamiz olduğunu söyləyib.

 

Daha sonra institutun elmi katibi, kimya üzrə fəlsəfə doktoru, dosent Əhməd Qarayevin “Elçin Əfəndiyevin “Baş” romanının mövzusu haqqında” məruzəsi dinlənilib.

 

Onlayn tədbirdə bölmənin Elmi Kitabxanasının direktoru Sahab Əliyeva da çıxış edərək görkəmli yazıçısı E.Əfəndiyevin bədii yaradıcılığından danışıb. Bildirib ki, 100-dən artıq kitabın müəllifi olan yazıçının əsərləri türk, ərəb, fars, rus, ingilis, alman, fransız, ispan, gürcü, özbək, türkmən, çex və digər dillərə tərcümə edilib. S.Əliyeva ədəbi-mədəni mühitin formalaşmasında böyük rolu olan E. Əfəndiyevin yeni əsərləri ilə ədəbiyyatımızı daha da zənginləşdirəcəyinə ümidvar olduğunu deyib.

 



16.07.2020 | 18:45