BMU-da AXC-nin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib

Bakı Mühəndislik Universitetində  “Azərbaycan  Xalq Cümhuriyyəti”nin 100 illiyinə həsr olunmuş elmi-praktik konfrans keçirilib. Konfransda universitetin professor-müəllim heyəti və  tələbələri ilə yanaşı AMEA-nın Tarix İnstitutunun direktoru, millət vəkili , akademik Yaqub Mahmudov, tarixçi alimlər  Cəbi Bəhramov, Asim Qafqarov, Ədalət Qasımov və İradə Əliyeva iştirak ediblər.

 

Konfransdan əvvəl universitetin foyesində AMEA Tarix İnstitutunun araşdırmaları olan kitablardan ibarət sərginin açılışı olub. Tədbir iştirakçıları sərgidə tariximizi əks etdirən kitablarla tanış olublar. Həmin kitablar BMU-nun kitabxanasına hədiyyə edilib.

 

Dövlət himni ilə başlayan konfransda iştirakçılar  Azərbaycan Xalq Cümhuriyyətinin tarixini və fəaliyyətini əks etdirən sənədli filmi izləyiblər. Sonra universitetin rektoru, professor Havar Məmmədov çıxış edərək  AXC-nin 23 ay yaşamasına baxmayaraq şərqdə tarix yazdığını deyib. Bildirib ki, Sovet İttifaqı dövründə xalqımıza Xalq Cümhuriyyəti unutdurulmağa çalışılsa da,  dəyərli alimlərimiz bu sahədə araşdırma aparıb, kitablar yazıblar.

 

Rektor diqqətə çatdırıb ki, Cümhuriyyətin 100 illik yubileyi haqqında Azərbaycan Respublikası Prezidentinin sərəncamında da qeyd edildiyi kimi, 1991-ci ildə müstəqilliyinin bərpasına nail olarkən müasir Azərbaycan Respublikası özünün qədim dövlətçilik ənənələrinə sadiq qaldığını göstərib, 28 May həmin vaxtdan Respublika Günü olaraq təntənə ilə qeyd edilir. Rektor bayram münasibətilə konfrans iştirakçılarını təbrik edib.

 

AMEA-ın Tarix İnstitutunun direktoru, millət vəkili, akademik Yaqub Mahmudov hər bir xalqın öz tarixini bilməsinin vacibliyindən danışıb: “Tarixdə elə xalqlar olub ki, dövlətlərini qurmaq üçün daim mübarizə aparıblar. Azərbaycan xalqı da bu xalqlar arasındadır. Bizim dövlətçilik tariximizdə çox dəyərli tarixi şəxsiyyətlər də olub.” Akademik Azərbaycan Xalq Cümhuriyyətinin xalqımızın tarixindəki rolundan danışıb.

 

Konfransdan sonra universitetin özfəaliyyət dərnəklərinin ifasında bədii hissə keçirilib.

 



28.05.2018 | 14:03